“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasının növbəti kitabı akademik İsmayıl Hacıyevə həsr olunub
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası tərəfindən AMEA Naxçıvan Bölməsinin sədri, tarix elmləri doktoru, akademik İsmayıl Hacıyevin anadan olmasının 70 illiyinə həsr olunan biobiblioqrafik göstərici nəşr olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasına daxil olan kitab AMEA Rəyasət Heyətinin qərarı ilə “Elm” nəşriyyatında çapdan çıxıb.
Nəşrin elmi redaktoru tarix elmləri doktoru, professor Oktay Sultanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri isə dosent Emin Şıxəliyev, dosent Samir Quliyev və Türkan Vahidovadır.
Kitabın ilk səhifələrində Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin alimə fəxri ad və mükafatlarının verməsi, təltif edilməsi haqqında Sərəncamlarının, AMEA Rəyasət Heyətinin akademikin 70 illik yubileyi ilə bağlı qərarının mətnləri yer alıb.
Tarixçi alimin 1975-2020-ci illərdə elmi və ictimai fəaliyyətinin əksini tapdığı kitabda Azərbaycan, türk, rus, ingilis, ispan və italyan dillərində nəşr olunmuş elmi əsərləri, eləcə də dövrü mətbuatda dərc edilmiş məqalələri yer alıb. Biblioqrafiyaya daxil edilmiş materiallar müvafiq bölmələr üzrə və xronoloji ardıcıllıqla qeyd olunub.
Əsərin birinci bölməsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş “Elmə xidmətin miqyası və missiyası”, AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Vəli Baxşəliyevin “Elmi-pedaqoji fəaliyyətin mənalı illəri” başlıqlı oçerkləri ana dilimizlə yanaşı, rus və ingilis dillərində də oxuculara təqdim olunur.
Növbəti bölmələrdə alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, akademik Mahmud Kərimov, İsa Həbibbəyli, Nailə Vəlixanlı və digər görkəmli elm və mədəniyyət xadimlərinin İsmayıl Hacıyev haqqında səsləndirdikləri fikirlər verilib.
“Əsərlərinin biblioqrafiyası” başlıqlı bölmədə isə alimin Azərbaycanşünaslıq elminin zənginləşməsinə xidmət edən kitab, monoqrafiya, elmi məqalə və tezisləri, publisistik məqalələri, müsahibələri, ön söz yazdığı, redaktoru, rəyçisi, elmi məsləhətçisi olduğu nəşrlər, eyni zamanda elmi məsləhətçisi, yaxud rəhbəri və opponenti olduğu dissertasiyalar, Azərbaycan Respublikası Milli Məclisinin iclas və sessiyalarında çıxışları qeyd olunub. Kitab və monoqrafiya adlarının yer aldığı bölmədə hər bir əsərin bəhs etdiyi mövzusu haqqında yığcam məlumat verilir.
Biobiblioqrafik göstəricidə soraq-axtarış aparatı da tərtib edilib ki, bu da öz növbəsində nəşrdən istifadəni asanlaşdırmağa xidmət edir.