Respublikanın bir sıra bölgələrində, o cümlədən Naxçıvanda ali təhsil müəssisələrinə ikinci ixtisas qrupları üzrə imtahanların ikinci mərhələsi başa çatıb. Bu gün ölkə üzrə 16 min 800-ə yaxın abituriyent imtahan verib.
Bütün binalarda eyni vaxtda, saat 10.00-da başlayan imtahan 3 saat davam edib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada keçirilən imtahanda iştirak etmək üçün ümumilikdə 814 abituriyent Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçib. Abituriyentlərə 3 fənn üzrə 90 açıq və qapalı tipli test tapşırığı təqdim olunub.
İmtahanın ikinci mərhələsi respublikanın 23 şəhər və rayonunda 168, o cümlədən Naxçıvan şəhərində 4 binada həyata keçirilib.
İmtahandan əvvəl binalarda tibbi-profilaktik tədbirlər görülüb, imtahan zamanı sosial məsafə gözlənilib və abituriyentlər maskalarla təmin ediliblər.
Regional bölmənin müdiri Sabir Məmmədov bildirib ki, yaxın günlərdə ali təhsil müəssisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul imtahanları keçiriləcək. İmtahanlarda iştirak edəcək abituriyentlər imtahana buraxılış vərəqələrini vaxtında DİM-in internet səhifəsindən əldə etsinlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ikinci və üçüncü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının ikinci mərhələsində dünən və bu gün ümumilikdə respublika üzrə 37 min 800-ə yaxın, Naxçıvan üzrə isə 1800-dən artıq abituriyent iştirak edib.
Ərhan Novruzov