Naxçıvan tarixə çox görkəmli şəxsiyyətlər bəxş etmiş gözəl bölgələrimizdən biridir. Bu bölgədən çıxan siyasətçilərin, hərbçilərin, şairlərin, yazıçıların və alimlərin Azərbaycanın taleyində, mədəniyyəti və elmində müstəsna yerləri olmuşdur. Belə alimlərdən biri də akademik Fərəməz Qəzənfər oğlu Maqsudov olmuşdur. 1930-cu ilin 20 martında riyaziyyat elmi sahəsində əvəzolunmaz nailiyyətlər qazanan görkəmli alim Fərəməz Maqsudov doğma vətənimizə çox sayda tarixi şəxsiyyətlər bəxş etmiş Naxçıvan şəhərində fəhlə ailəsində dünyaya göz açıb. Orta məktəbdə oxuduğu illərdən elmə həvəsi, çalışqanlığı ilə fərqlənib. Uşaqlıq və gənclik illərində yalnız riyaziyyat, fizika kimi dəqiq elmlərə deyil, həm də tarixə, ədəbiyyata, poeziyaya böyük maraq göstərib. Ancaq sənət seçimi edərkən dəqiq elmlərə istiqamətlənib.
O, 1948-ci ildə Naxçıvan şəhər orta məktəbini bitirərək, arzularının ardınca paytaxta gəlib. Burada Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. 1954-cü ildə universitetin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Elə o vaxt da Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işə başlamışdır. O, əmək fəaliyyətinə başladığı dövrdən Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçilənədək Riyaziyyat və Mexanika İnstitutunda işləyib.
1981-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə, 1997-ci ildən isə Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edən akademik Fərəməz Maqsudov bacarıqlı elm təşkilatçısı olmuşdur. Fərəməz Maqsudovun bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş bir sıra işlərində elastiklik və xətti özlü-elastiklik xassələrinə malik olan cisimlər və qeyri-stasionar dinamik məsələlərin həllərinin orijinalları üçün ilk dəfə olaraq “uyğunluq prinsipi” ideyası irəli sürülmüşdür. Onun və tələbələrinin bu sahədə təklif etdikləri orijinal həll üsulları Laplas çevirməsi və kontur inteqralı nəzəriyyələrinə bir sıra əhəmiyyətli yeniliklər gətirmişdir. Akademik Fərəməz Maqsudovun adı elm sahəsində bir sıra yeniliklərin müəllifi kimi çəkilir. O, 5 müəlliflik şəhadətnaməsi və 2 patent alıb. 300-dən çox elmi əsərin, 11 monoqrafiya və dərsliyin müəllifidir. Alim elmi nəticələrini bir çox mötəbər elmi seminarlarda, beynəlxalq konfrans və simpoziumlarda müvəffəqiyyətlə məruzə etmişdir.
Fərəməz Maqsudov həm də elmin yorulmaz təbliğatçısı idi. Onun bilavasitə rəhbərliyi və fəal iştirakı ilə məktəblərdə riyaziyyat üzrə olimpiadalar keçirilirdi, Azərbaycan dilində elmi-kütləvi ədəbiyyat buraxılırdı, məktəblilər və tələbələrlə görüşlər və televiziya verilişləri təşkil olunurdu. Akademik Fərəməz Maqsudov ömrü boyu gənclərə böyük qayğı göstərmiş, elmə gənc, istedadlı tədqiqatçıların gəlməsini daim diqqətdə saxlamışdır. O, elmi müzakirələrdə nə gədər prinsipial və güzəştə getməyən idisə, gənç alimlərə və tələbələrə dəstək verməkdə o qədər mərhəmətli olmuşdur. Onun elmi rəhbərliyi altında 100-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, respublikada yüksək ixtisaslı riyaziyyatçı kadrların yetişdirilməsi işinə uzun müddət rəhbərlik etmişdir.
Riyaziyyatın və mexanikanın bir sıra sahələrində aldığı nəticələr sayəsində beynəlxalq aləmdə tanınmışdır. 1983-cü ildə Fərəməz Maqsudovun rəhbərliyi altında mexaniklərin bir qrupunun nəhəng energetika sistemlərinin dözümlülüyünün tədqiqi üçün işləyib-hazırladıqları metod həmin dövrün ən yüksək mükafatlarından biri olan SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülüb. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib.
O, 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə yüksəkixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur. Bir sıra tətbiqi əhəmiyyəti olan məsələlərin həllinə görə ona 1994-cü ildə Hacı Zeynalabdin Tağıyev adına mükafat verilmişdir. O, Azərbaycanın “İstiqlal” ordeni ilə də təltif olunmuşdur. Fəraməz Maqsudov 1995-ci ildə Milli Məclisin üzvü, 1997-ci ildə Azərbaycan-Amerika Mədəniyyət, Elm və İqtisadiyyat Mərkəzinin həmsədri, İslam Akademiyasının həqiqi üzvü və Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilmişdir.
O, Elmlər Akademiyasına mürəkkəb bir dövrdə rəhbərlik etməyə başlamışdır. Bu elə bir dövr idi ki, cəmiyyətin bütün sferalarını əhatə etmiş xaos Azərbaycan elminə də təsirsiz ötüşməmişdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən proseslər, yeni transformasiyalar müstəqil Azərbaycanın yeni doktrinasını, prioritetlərini müəyyənləşdirmək zərurətini ortaya çıxarmışdı. Müstəqil Azərbaycanın həm ideoloji, həm siyasi, həm də iqtisadi sferalarında mövcud problemlərini müəyyənləşdirmək və həlli yollarını göstərmək ilk növbədə elmin vəzifəsi idi. Təəssüf ki, həmin illərdə Azərbaycan elminin düşdüyü ağır vəziyyət bu funksiyanı yerinə yetirməyə imkan vermirdi. Belə bir mürəkkəb şəraitdə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin birbaşa səyi sayəsində həyata keçirilən tədbirlər nəticəsində tez bir zamanda elmdə tənəzzül prosesinin dayandırılmasına nail olundu və tədricən Azərbaycan Milli Elmlər Akademiyası yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ötən əsrin 90-cı illərinin əvvəllərində bəziləri Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi olan akademiyanı bağlamaq istəyirdilər. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində milli intellektual potensial darmadağın olmaqdan qurtula bildi. Belə bir həlledici məqamda böyük nüfuz sahibi olan Fərəməz Maqsudov akademiyanın prezidenti kimi məsul vəzifəyə seçildi.
Fərəməz Maqsudov elmi əməkdaşlığa böyük dəyər vermişdir. O, bir alim kimi SSRİ və dünyanın bir çox ölkəsinin alimləri ilə görüşüb sıx əlaqədə olaraq, elmi əməkdaşlıq və dostluq münasibətləri qurmuşdur. Onun yetişdirdiyi elmi mühit, elmi-metodik çalışmalarına müsbət təsir göstərmişdir.
F.Q.Maqsudov EA-nın İnstitutlarının müstəqil dövlətlər birliyinin əsas elmi mərkəzləri və xarici ölkələrdə elmi əlaqələrinin möhkəmləndirilməsi və inkişafına xüsusi əmək sərf etmişdir.
Akademik təkcə riyaziyyat elmi ilə yox, başqa sahələrlə də məşğul olmuşdur. Hər kəs onun mədəniyyətə, ədəbiyyata nə qədər dərindən bağlı bir insan olduğunu çox gözəl bilirdi... Ədəbiyyatı, doğma dilini - Azərbaycan dilini sevməsi, təbiidir ki, onun böyük üstünlüyünü təşkil edirdi. Fərəməz Maqsudov həmişə cəmiyyətdə, insanların içində olmuşdur, heç vaxt kənara çəkilməmişdir. Xalqımızın böyük əksəriyyəti kimi, o da Azərbaycanı azad, müstəqil görmək arzusunda olmuşdur və bu arzuya da çatmışdır. Ancaq o bu yolda böyük xidmətlər göstərmiş, daim fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. Azərbaycanın bütün bölgələrini, hər elini, obasını sevirdi. Ancaq doğulub boya-başa çatdığı Naxçıvanın adı gələndə, elə bil, ona dünyanı bağışlayırdılar.
Amansız xəstəlik Fərəməz Maqsudovu şöhrətinin zirvəsində tapdı. 2000-ci ildə akademik Fərəməz Maqsudov vəfat etdi. O, Fəxri Xiyabanda torpağa tapşırıldı.
Ulu öndərimiz Heydər Əliyev akademik Fərəməz Maqsudov haqqında demişdir: “Azərbaycanda böyük riyaziyyatçılar məktəbi yaranmışdır. Bu məktəbin ən görkəmli nümayəndələrindən biri və Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərdən biri Fərəməz Maqsudov olmuşdur. Fərəməz Maqsudov ona həvalə edilən bütün yerlərdə vicdanla çalışmış, öz əməyi, biliyi, istedadı ilə, yalnız və yalnız özünə məxsus olan xüsusiyyətləri ilə elmdə yüksəlmiş, elmimizi inkişaf etdirmişdir. O, cəmiyyətimizdə, xalqımızın içində yüksəlmişdir”. Fərəməz Maqsudov həyatın sərt üzünü çox görüb, sınaqlarından keçə-keçə yaşadı öz ömrünü. Adına, şöhrətinə çoxları həsəd apardı. Onun parlaq siması bütün Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Onun açdığı elmi cığırlar heç vaxt pozulmayacaqdır. Xalqımıza və gələcək nəsillərə onun bəxş etdiyi irs daim yaşayacaqdır. Mənim də təhsil aldığım Naxçıvan Dövlət Universitetində akademik Fərəməz Maqsudov irsi yaşadılmaqdadır. Belə ki, Fizika – riyaziyyat fakültəsində 304 saylı auditoriya “Fərəməz Maqsudov Riyaziyyat Məktəbi” adını daşıyır. Həmçinin mənim layiq görüldüyüm adlı təqaüd məhz görkəmli akademikimizin adını daşımaqdadır.
Hüseyn Məmmədov
Naxçıvan Dövlət Universitetinin tələbəsi