NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müsabiqə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində, digər dövlət qurumlarında, dövlət teleradio və mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilib.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 22 iyul-23 avqust 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər qanunvericilikdə nəzərdə tutulmuş ödəniş məbləğini “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Mərkəzə təqdim edilməlidir.
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin, Naxçıvan Muxtar Respublikasının dövlət teleradio və mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün esse imtahanı və müsahibə keçiriləcəkdir.
Qeyd edək ki, ümumilikdə 169.5 vakant vəzifənin çıxarıldığı müsabiqədə “ASAN xidmət” Mərkəzi üzrə 17, digər dövlət orqanlarında 3 vəzifə inzibati vəzifələrin altıncı təsnifatı, 97 vakant vəzifə inzibati vəzifələrin yeddinci təsnifatı, 15.5 vakant vəzifə dövlət teleradio və mətbuat orqanları üzrə, 37 vakant vəzifə isə digər dövlət orqanları üzrə çıxarılıb.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər. Maraqlananlar mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Vakant yerlərlə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://dim.nmr.az/dq_22_07_2021.php