Bioloqlar anadangəlmə immunitetin səbəbini müəyyənləşdiriblər

A- A A+

Alimlər hansı birləşmələrin anadangəlmə immunitetlə bağlı olan zülal kompleksini aktivləşdirdiyini ilk dəfə olaraq izah ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, bu kəşf bir sıra autoimmun xəstəliklərin müalicəsində yeni metodlar yaratmağa kömək edəcək. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.

Anadangəlmə immunitetdə iki endogen, yəni orqanizm daxilində yaranan molekul - TLR4 membran zülalı (tolla bənzər reseptor 4) və MD-2 (limfositar antigen 96) zülalı əsas rol oynayır. Lakin onların təsirinin molekulyar mexanizmi indiyədək məlum deyil.

Texas Universiteti Cənub-Qərb Tibb Mərkəzindən tədqiqatçılar Almaniya və İsraildən olan həmkarları ilə birlikdə struktur səviyyəsində təsdiq ediblər ki, məməlilərdə anadangəlmə immunitet hər şeydən öncə TLR4/MD-2 zülal kompleksinin işinin səmərəliliyindən asılıdır.

Tədqiqata Cənub-Qərb Tibb Mərkəzinin Sahib İmmuniteti Genetika Mərkəzinin direktoru Brüs Bötler rəhbərlik edib. O, 2011-ci ildə immun sisteminin tədqiqinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb. İndi isə onun rəhbərliyi ilə tədqiqatçılar TLR4/MD-2 kompleksini aktivləşdirən birləşmə aşkar ediblər.

Söhbət sulfatidlərdən – tərkibində sulfat qrupu olan membran qlikolipidlərindən gedir. Rentgen kristalloqrafiyası metodlarının köməyilə alimlər müəyyən ediblər ki, sulfatidlər TLR4/MD-2 zülal kompleksi ilə liqand qismində birləşir və bu bağlanma orqanizmin infeksiyaya cavab reaksiyasına gətirib çıxaran bioloji yolu işə salır.

Müəlliflər qeyd edirlər ki, bu, TLR4 liqandının, yəni struktur metodların köməyilə reseptora daxil olan molekulların mövcudluğunu təsdiq edən ilk işdir.

İndiki mərhələdə bütün nəticələr laboratoriya siçanları üzərində aparılmış təcrübə əsasında əldə edilib. Alimlər siçanlarda və insanlarda aktivləşən reseptorlar arasında fərqin olub-olmadığını izah etməyi, habelə immun cavabı aktivləşdirmək, ya da əksinə, dayandırmaq üçün ayrı-ayrı sulfatidlərin kimyəvi tərkibinin reseptor kompleksi ilə qarşılıqlı əlaqəyə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: