NDU-da 2021-ci ilin I yarısının yekunları müzakirə olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağının rektoru Elbrus İsayev müşavirədə  yeni infrastruktur  layihələrinin həyata  keçirilməsinin, müasir tədris korpuslarının istifadəyə verilməsinin peşəkar kadrların hazırlanmasına öz müsbət töhfəsini verdiyini bildirib.

Vurğulanıb ki, muxtar respublikada elmin və təhsilin inkişafı sahəsində görülən işlərin bariz nümunəsidir ki, universitetin Xarici dillər fakültəsi üçün müasir tələblərə uyğun yeni tədris korpusu istifadəyə verilib, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib, yeni rektorluq binasının inşası işlərinə başlanılıb.

Qeyd edilib ki, Xarici dillər fakültəsində dünya standartlarına tam cavab verən mərkəz və kabinələrlə əsaslı şəkildə yenidən qurulan universitetin maddi-texniki bazası gücləndirilib, ən müasir elm və təhsil infrastrukturu formalaşıb. İstifadəyə verilən müasir tipli tədris korpusu simli və simsiz internetlə təmin olunmuş kon­frans zalı, 12 ədəd ağıllı lövhə və 19 ədəd proyektor­larla təchiz edilmiş Tərcümə mərkəzi, Tədris-metodiki mərkəz, Xarici ölkə ədəbiyyatı kabinəsi, 2 ədəd linqafon kabinəsi və Sinxron tərcümə mərkəzi, multimediya otağı, eləcə də ixtisaslaşdırılmış Fransız dili, Alman dili, İngilis dili, Rus dili, Fars dili və Ərəb dili mərkəzləri, sahələr üzrə fəaliyyət göstərən mini kitab­­xanalar müəllim və tələbələrin istifadəsinə verilib.

Rektor diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası  Ali Məclis Sədrinin tapşırığı ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Diplomatiya Mərkəzi” və “Kriminalistika” laboratoriyası, Pedaqoji fakültədə “Texnologiya mərkəzi” və “Atıcılıq mərkəzi”, Memarlıq və mühəndislik fakültəsində “Robototexnika” laboratoriyası, Tibb fakültəsində  “Əczaçılıq Simulyasiya” kabinəsi və Sosial Xidmət Mərkəzində “Yaşıl Əczaxana” yaradılıb. 

10 fakültə, Magistratura mərkəzi, Xarici tələbələrlə iş üzrə dekanlığın fəaliyyət göstərdiyi  universitetin bakalavr pilləsində  63 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Ali təhsil ocağında kadr hazırlığı ilə 453 nəfər professor müəllim heyəti məşğul olur ki, onlardan 21 nəfəri elmlər doktoru, 152 nəfəri isə fəlsəfə doktorudur. 

Rektor vurğulayıb  ki, 2021-ci ildə universitetin əməkdaşlarından 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb, 1 nəfərin professor, 4 nəfərin isə dosent elmi adları almaları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılıb. Bununla yanaşı  hazırda  fəlsəfə doktoru proqramı üzrə 85, elmlər doktoru proqramı üzrə isə 22 nəfər doktorant və dissertant vardır. Onlardan bir nəfəri Koreya, bir nəfəri isə Türkiyə vətəndaşıdır.

Vurğulanıb ki, Erasmus+ proqramı çərçivəsində “Təhsildə keyfiyyətin təminatı” və “Səhiyyədə rikslərin idarə olunması, peşə və kadr hazırlığı” olmaqla 2 layihə qazanılıb.

Elbrus İsayev bildirib ki, yeni təhsil standartlarına keçidlə əlaqədar tədbirlər davam etdirilərək, 2020-2021-ci tədris ilində təhsil sisteminin bütün pillələrində Boloniya prosesinin tələblərinə uyğun olaraq təhsilin kredit sistemi ilə təşkili həyata keçirilib.

2020-2021-ci tədris ilinin yaz imtahan sessiyası habelə Yekun Dövlət Attestasiyaları qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq aparılaraq və uğurla başa çatdırılıb.

Müşavirədə vurğulanıb ki, 2021-ci ilin yanvar ayında Universitet Elmi Şurası tərəfindən təsdiq  olunan  layihəyə əsasən  2021- 2025-ci illər üzrə 43 kafedranın 344 nəfərdən ibarət professor-müəllim heyəti tərəfindən 23 istiqamət və 51 problem üzrə 342 mövzuda elmi-tədqiqat işi yerinə yetirəcəkdir. Elmi-tədqiqat işlərində muxtar respublika ilə bağlı olan mövzular da öz əksini tapıb.

Ali təhsil ocağında 2021-ci ilin altı ayı ərzində “Duz Dağ” mövzusunda beynəlxalq konqres, “Alternativ tibb metodunun tətbiqi” və “Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti” mövzularında isə respublika elmi konfransları keçirilib.

2021-ci ilin birinci yarısında universitet əməkdaşlarının 18 dərs vəsaiti, 2 respublikada dərc olunmuş kitabı, 33 metodik vəsait və proqramı, 100 elmi məqaləsi və 136 konfrans materialı çap olunub.

Naxçıvan Dövlət Universitetində kadr hazırlığı məsələsi daim diqqət mərkəzində saxlanılaraq bu il magistratura səviyyəsini bitirən 20-yə yaxın magistr müxtəlif sahələrdə işlə təmin olunub.

2020-2021-ci tədris ilində universitetdə tədrisi dili ingilis dilində olan “İqtisadiyyat” ixtisası açılaraq tədrisin keyfiyyəti daha da artırılıb.

Qeyd edilib ki, dünya təhsil sisteminə inteqrasiya edən universitetdə hesabat dövründə 10 fakültə üzrə bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 63 ixtisas üzrə  5588 tələbə,  magistratura təhsil səviyyəsində 81 ixtisaslaşma üzrə 348 magistrant və rezidentura üzrə 52 nəfər rezident təhsil alıb.

Universitetdə 986 xarici tələbə təhsil alıb ki, onlar Türkiyə, İran, Nigeriya, Banqladeş, Rusiya, Özbəkistan, Cənubi Koreya, İraq və Pakistan vətəndaşlarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin xüsusi tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən əcnəbi tələbələrə vaxtaşırı olaraq ərzaq payı, maddi yardım təqdim olunub.

Universitetdə Dövlət proqramlarının və sərəncamların uğurla icra olunduğunu vurğulayan rektor bildirib ki, bütün bunlarla yanaşı innovasiyaların dəstəklənməsi və startap lahiyələrinin formalaşması istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, universitet tələbələri arasında I Startap  və  “İqtisadi sahədə startap layihələri” müsabiqələrində tələbələr uğurla çıxış ediblər. Bundan başqa gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını  tələbələr arasında təbliğ etmək üçün mühüm rola malik olan ENACTUS hərəkatında da tələbələr fəallıq göstərərək  2021-ci ilin aprel ayında  ölkəmizin 19 ali təhsil müəssisəsinin komandasının iştirak etdiyi "Enactus Onlayn Sahibkarlıq" müsabiqəsində universitetin  Enactus komandasının təqdim etdiyi layihə müsabiqənin qalibi olub.

Sonra Tədris və tərbiyə işləri üzrə prorektor,  tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimovun, Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseyovanın hesabatı dinlənilib.

                                                Fəxriyyə Səyyadova 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: