NDU ilə İstanbul Texnik Universiteti arasında mobillik və ikili diplom layihələri müzakirə olunub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin  rektoru və bir qrup əməkdaşı İstanbul Texnik Universitetində rəsmi səfərdə olublar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu qonaqları salamlayaraq rəhbərlik etdiyi universitet haqda danışıb, təqdimatlar vasitəsilə müvafiq sahələr üzrə məlumat verib. İki təhsil ocağı arasında elmi tədqiqat sahəsində birgə elmi araşdırmaların aparılması, məqalə və elektron dərgilərin yeni tədqiqat üsulları ilə birgə nəşrinin hər iki universitet üçün əhəmiyyəti qeyd edilib. Konservatoriyada təhsil alan tələbələr üçün mobillik proqramları və ikili diplom layihələrinin birgə əməkdaşlıqda səmərəli olacağı vurğulanıb. Həmçinin qeyd edilib ki, “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə birgə tədrisin təşkili və ikili diplom proqramının, eyni zamanda  doktorantura və magistratura təhsil pilləsi üzrə texniki və mühəndislik sahələri üzrə ikili diplom proqramının həyata keçirilməsi gələcək üçün planlaşdırılır.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Universitetləri arasında əməkdaşlığın bütün sahələrdə olduğu kimi, elmi tədqiqat və elmi araşdırma sahəsində də uğurlu fəaliyyətini qeyd edib. Rektor gələcəkdə İstanbul Texnik Universitetinin texnopark sahəsində uğurlu fəaliyyətindən təcrübə qazanacaqlarını dilə gətirib. Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar  Parkının yaradılması haqqında” Sərəncamını diqqətə çatdırıb. Vurğulanıb ki, bu il iyun ayının 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Qeyd edilib ki Azərbaycan ali məktəbləri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılan Texnoparkın  fəaliyyət sahəsinə universitetin bakalavr üzrə 42, magistr üzrə 80 ixtisasdan 43-ü daxildir. Rektor magistratura və doktorantura ixtisaslarında elmi tədqiqat araşdırmaları üçün birgə elmi fəaliyyətin göstərilməsinin hər 2 universitet üçün yeni elmi mühit formalaşdıracağına əminliyini ifadə edib.

Görüş zamanı İTU ARI Texnoparkı ilə birgə fəaliyyətin həyata keçirilməsi, eləcə də Texnopark rəhbərliyinin Naxçıvan Dövlət Universitetində seminarlarının təşkilinin təmin ediləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 36442 tələbənin təhsil aldığı qardaş ölkənin ən nüfuzlu və qabaqcıl universitetlərindən olan İstanbul Texnik Universitetinin 10 bina ilə fəaliyyət göstərən, 7900-dən artıq işçisi, 148-i patentli 3200-dən çox layihəsi olan ARI Texnoparkı Türkiyədəki texnoparklar arasında dövlət büdcəsinə ən çox gəlir gətirən və Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan lider texnoparkdır.

Sonda ARI Texnoparkının tanıtım videoçarxı izlənilib və orada  fəaliyyət göstərən şirkətlər haqqında məlumat verilib, eyni zamanda yaradılan şərait ilə əyani tanışlıq olub.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: