“Hər bir dövlət əgər istəyirsə ki öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”
Heydər Əliyev
Ümummilli lider
Son zamanlar təhsil sahəsində yeniliklər və internetin köməyi ilə uzaq məsafədən təhsil imkanı xeyli genişlənib və daha çox istifadə olunmağa başlanılıb. Bu da distant təhsilin gündəmə gəlməsinə, distant təhsil texnologiyalarının öyrənilməsinə və öyrədilməsinə gətirib çıxarıb. Distant təhsili həyata keçirmək üçün stabil internet bağlantısının olması, İnformasiya Kommunikasiya Texnologiyaları biliyi, bu təhsil formasını həyata keçirə bilmək üçün proqram təminatı və s. ilə yaxından tanış olmaq lazımdır. Bu məqalədə məsafədən təhsil üçün hazırlanmış və yeterli istifadəçi sayına çatmış bir neçə proqramdan bəhs edəcəyik.
Distant təhsil yeni konsept deyil, bütün dünyada tanınan, illərdir ki, müəyyən inkişaf yolu keçmiş və bu günədək gəlib çıxan bir təhsil formasıdır.
İlk dəfə 1728-ci ildə Boston qəzeti məktub vasitəsilə stenoqrafiya təhsili verir. 20 mart 1728-ci ildə Boston qəzetində bu elan verildikdən sonra daha da tanınaraq Amerika Birləşmiş Ştatları, İngiltərə və Almaniyada sürətlə yayılır. 1840-cı ildə İngilis təlimçi Sir İsaac Pitman poçt vasitəsilə stenoqrafiya öyrətməyə başlayır və bununla da məsafədən təhsilin təməli atılmağa başlayır. 1856-cı ildə Fransız Çarlz Tussaint və Alman Gustav Langenscheidt Berlində məktubla bir təlim məktəbi qurur və 1870-ci illərdə Illinois Wesleyan Universiteti evdə təhsil proqramına başlayır. 1883-cü ildə Nyu-Yorkun İtaka şəhərində "Məktubla Tədris Universiteti" qurularaq 1914-cü ildə ABŞ-da məktub ilə tədrisin yayılması haqqında bir qanunun qəbul edilməsi ilə daha da inkişaf etdirilir. Artıq 1930-cu ildə məktəblər radiodan istifadə edərək təhsil verməyə başlayır. Sonra 1933-cü ildə Ayova Dövlət Universitetində dünyanın ilk təhsil televiziya proqramı yayımlanır və 1939-cu ildə televiziyada 400-dən çox proqram təqdim edilirdi.
Daha sonra 15 fevral 1946-cı ildə Cənubi Afrika Universiteti (UNISA) Division of External Study adlı bir şöbə açaraq distant təhsil verən 11 böyük universitetdən birinə çevrilir. 1994-cü ildə evlərdə internet istifadə edilməsi ilə birlikdə artıq internet üzərindən təhsil verilməyə başlanır.
Məktubla başlayıb (1728-ci il), poçt (1840-cı il), radio yayımı (1930-cu il), televizor proqramı (1933-cü il) və nəhayət internet (1994-cü il) ilə davam edən bu konsept günümüzdə ən çox istifadə edilən təhsil formasıdır.
Ölkəmizdə isə rəsmi olaraq 2009-cu ildə “Təhsil haqqında” yeni qanunun 13-cü maddəsində distant təhsil forması qəbul olunub.
Məsafədən təhsil öyrənənlərin evdə, iş yerində və yaxud hər hansı təhsil müəssisəsində olduğu yerdən kənara getmədən ala bildiyi təhsil növüdür. Daha əvvəl könüllü olan bu təhsil modeli pandemiya dövründə daha da aktuallaşıb.
Məsafədən təhsildə istifadə olunan ən geniş yayılan proqram təminatından – LMS, Zoom, Google Classroom, Canvas LMS, Moodle, Microsoft Teams və s. bir neçəsinə diqqət yetirək.
LMS (Learning Management System) – Hazırda Naxçıvan Dövlət Universitetində istifadə olunan bir platformadır. KOİCA şirkəti tərəfindən "Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan bu sistemdə hər bir tələbə üçün istifadəçi adı və parolu təyin edilibdir.
Tələbələrin semestr ərzində öyrənəcəkləri fənnlər, onların mühazirələri və tədris planları müəllimlər tərəfindən sistemə yerləşdirilir. Tələbə onlayn mühazirə otaqlarında dərsi dinləyib, tapşırıq otaqlarında verilən tapşırıqları yerinə yetirə və mühazirə mətnlərini, mühazirə mətnlərindən əlavə ədəbiyyatları, imtahan sualları və s. kimi məlumatları sistemə daxil olmaqla asanlıqla əldə edə bilir.
Tələbələrin biliklərini test və açıq tipli suallarla qiymətləndirmək də mümkündür.
Zoom proqramı müəllimlər və tələbələr arasında qarşılıqlı sinxron əlaqələrə imkan verir. Zoom proqramı vasitəsilə istifadəçilər mikrofon və veb-kameralardan istifadə edərək ənənəvi təhsildə olduğu kimi real vaxtda informasiya mübadiləsi həyata keçirə, eyni zamanda 200-ə qədər şəxs canlı konfranslarda iştirak edərkən, 3000 iştirakçıda seansı passiv izləyə bilir. Qeyd edək ki, ödənişsiz versiyasında seans 40 dəqiqə ilə məhduddur. Əlavə olaraq bu proqramda slaydlar, mühazirələr iştirakçılarla paylaşıla, eyni zamanda proqramın daxilində ayrı-ayrı qruplar yaradıla, həmçinin iclaslara daha sonra baxılmaq üçün yazıla bilər.
Bu müsbət xüsusiyyətlər ilə poqram yetərli sayda istifadəçiyə xidmət göstərir.
Google Classroom - Google, GSuit təhsil versiyası ilə bəzi təhsil müəssisələrində istifadə olunaraq bir sıra üstün cəhətləri ilə istifadəçilərin rəğbətini qazanıb. Yaddaş kimi Google Drive, canlı yayımlar üçün də Google Meet-dən istifadə olunur və Google Classroom digər Google alətləri ilə inteqrasiya olunmuş vəziyyətdə işləyir. Bunlara əlavə olaraq, Google Drive vasitəsilə hər tələbəyə 1TB yaddaş sahəsi ayrılması, məlumatlar, slaydlar, e-cədvəllərin inteqrasiya olunmuş halda işləməsi, testlər və tapşırıqlar ilə qiymətləndirmənin mümkünlüyü, elanların Google təqvim vasitəsilə daha planlı təqdimi və dpuzzle, Kami və Quzizz kimi alətlər ilə birlikdə işləməsi, həmçinin canlı dərslərə qoşula bilmə və mobil tətbiqinin olması və s. kimi xüsusiyyətləri ilə istifadəsi təhsil müəssisələri üçün məqsədəuyğundur.
Canvas LMS - Google Classroom-a görə daha genişlənmiş idarə səlahiyyəti verir. 2011-ci ildə ABŞ-da işıq üzü görən bu proqram daha çox təhsil sistemlərində istifadə olunur. Canvas LMS-də özünəməxsus xüsusiyyətlərindən sistem daxilində tapşırıqların yaradıla bilmə imkanını, modulların redaktəsi, tələbələrin öz sisteminin olması və müəllimin nəzarət edə bilməsi, eyni zamanda tələbələrin LMS-də tapşırıqlarını yerinə yetirə bilməsi, həmçinin edpuzzle, FlipGrid kimi alətlərin sistemə inteqrasiya etməyə icazə verməsi və mobil tətbiqinin olması, açıq mənbəyə malik olub, hərkəsin istifadəsinə verilməsi və s. misal göstərə bilərik.
Qeyd edək ki, tələbələrin qiymətləndirilməsi üçün Canvas LMS-nin tərkibindəki əlavələrdə sertifikat və nişanlar da mövcuddur.
Moodle (Modular-Object-Oriented-Dynamic-Learning-Environment)- 2002–ci ildə işıq üzü görən, açıq mənbəyə sahib ödənişsiz platformadır. Vaxtaşırı yenilənən proqram təminatına və 100-dən çox dil seçiminə malikdir. Ödənişsiz bulut versiyası bir çox təməl ehtiyacları qarşılayır. Əlavə olaraq, tapşırıq, modulların yaradıla bilməsi, təqvim və elanlar bölməsinin inteqrasiya olunmuş şəkildə işləyə bilməsi, Adobe Connect, Drive, One Drive tipli proqramlarla inteqrasiya olunmuş şəkildə işləyə bilməsi bundan başqa fəaliyyət hesabatı təklif edə bilməsi, mövcud və gələcəkdəki kurslar haqqında məlumat verən panelin olması, həmçinin bütün veb brauzerlərə və mobil telefonlara uyğun olması, digər təhsil alətlərinə uyğun işləməsi və s. kimi xüsusiyyətləri var. Məlumat üçün bildirək ki, Moodle platforması haliyədə 235 ölkədə istifadə olunur.
2016-cı ilin noyabr ayında təkmilləşdirilmiş Microsoft Teams əvvəlcə ofislərdə, iş yerlərində istifadə olunurdu. Pandemiya vəziyyəti ilə əlaqədar olaraq istifadəsi xeyli artıb. Microsoft Teams, Office 365 proqramları ilə inteqrasiya etmiş halda işləyərək kompüterinizdə hazırladığınız faylları Teams üzerindən paylaşa bilməyiniz üçün şərait yaradır. Bundan başqa istifadəçi başına 2GB yaddaş sahəsi verilməsi, ödənişsiz versiyasında konfrans zamanı 250 nəfərə qədər iştirakçı qoşula bilməsi və Office 365 proqramlarını ödənişsiz təklif etməsi, eyni zamanda Flipgrid, Turnitin, MakeCode və digər öyrənmə vasitələri ilə işləməyin təkmilləşdirilməsi, eləcə də onlayn zənglərin mümkünlüyü, tapşırıq vermək və təhvil almaq imkanlarının olması kimi üstün cəhətləri var.
Qeyd edək ki, verilən imkanlar platformaların ödənişsiz versiyası üçündür, ödənişli versiyalar istifadəçiyə əlavə imkanlar da təklif edir.
Deməli, təhsil almaq istəyən hər bir fərd üçün məsafələr maneə deyil.
Fatma Müslümova
Naxçıvan Dövlət Universiteti
“İnformatika” kafedrasının müəllimi