Respublika fənn olimpiadasında qalib olan 26 məktəbli mükafatlandırıldı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində keçirilən Olimpiada qaliblərinin mükafatlandırılması mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada yeni məktəb binalarının tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamla 2 şagirdin adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi istedadlı uşaqlara dövlət qayğısının bariz nümunəsidir.

Fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalıb. Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 5-i qızıl, 13-ü gümüş, 8-i isə bürünc olmaqla 26 medal qazanıb.

Təhsil naziri qeyd edib ki, muxtar respublika ümumtəhsil məktəblərində fizika, kimya və biologiya laboratoriyalarının, kompüter və elektron lövhəli siniflərin, STEAM kabinələrinin yaradılması bu istiqamətlər üzrə tədris imkanlarını yaxşılaşdırıb, şagirdlərin riyaziyyat, fizika, biologiya və kimya fənlərinə marağını artırıb. Bunun nəticəsidir ki, olimpiada qaliblərindən 13-ü, yaxud 50 faizi bu fənlər üzrə yer tutub. Olimpiadanın nəticələrinə əsasən Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri 9 medal qazanmaqla muxtar respublika birincisi, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri 4 medal qazanmaqla muxtar respublika ikincisi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə 3 medal qazanmaqla muxtar respublika üçüncüsü olublar.

Tədbirin sonunda olimpiada qaliblərinə medal və diplomlar təqdim edilib,  qaliblərlə  birlikdə xatirə şəkli çəkilib.

Qeyd edək ki, olimpiada qalibləri ilə bağlı artıq 3 ildir, yeni qaydalar qəbul olunur. Belə ki, qaydaya əsasən beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdir.

                                                           Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: