Naxçıvanlı STEAMçılar yay məktəbində - FOTOLAR

A- A A+

Yaşadığımız bu digital dünyada gündən-günə bizə yeni texnologiyalar təqdim olunur, faydalı fikirlər ortaya çıxır. Gündəlik həyatımızı daha da asanlaşdırıb sürətləndirmək üçün bir-birindən fərqli innovativ layihələrə zərurət yaranır.

Yaxın keçmişə nəzər salsaq, hər birimiz dünyamızın son on ildə texnologiya və sənaye sahələrində keçmiş olduğu əvəzolunmaz inkişafı rahatlıqla görə bilərik. Qəbul etməliyik ki, bu inkişafa nail olmaq daha da irəliyə gedə bilmək üçün mühəndis, proqramçı dizaynerlərin sayının artmağı olduqca vacibdir. Bu səbəblə dünya təhsilində araşdırmalar göstərir ki, gələcəkdə innovativ inkişaf üçün ehtiyac duyacağımız bu ixtisas sahələrinə olan tələbatı qarşılamaq üçün yeni təhsil metodundan istifadə vacib amillərdəndir. Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə inteqrasiya olunmuş tətbiqi yeni təhsil metodu olan STEAM-ı ortaya çıxardı.

Ölkəmizdə yenicə tətbiq olunmağa başlayan STEAM təhsil metodu müəllim və şagirdlərə fərqli baxış bucağı qazandırmaqla yanaşı, dərslərində daim yenilik axtarışında olmağı, nəzəriyyədən qismən uzaqlaşıb praktiki biliklərə yiyələnməyi öyrədir. Onlara araşdırma, analiz bacarıqlarını inkişaf etdirməyi və eyni zamanda digər dərslərində qazandıqları fənn biliklərini səmərəli və yararlı şəkildə ortaya qoymağı mənimsədir.

2020-2021-ci tədris ilindən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqinə start verilib. Qısa müddət keçməyinə baxmayaraq, 30-dan çox ümumtəhsil müəssisəsində modern tələblərə cavab verən STEAM kabinələri yaradılıb, ən müasir texnoloji avadanlıq və qurğularla təchiz olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci ilin 7 iyun tarixində “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam  imzalayıb. Sərəncama əsasən bütün ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir.

Şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə təşkil olunan “STEAM yay məktəbi” də bu istiqamətdə görülən işlərin davamıdır.

Hər bir uğur hədəfi düzgün seçməkdən başlayır. Çünki uğur əldə etmək üçün mütləq hədəfə ehtiyacımız var. Muxtar respublikamızda ilk dəfə təşkil olunan “STEAM yay məktəbi” şagirdlərin hədəflərini düzgün istiqamətləndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Füsunkar təbiət mənzərəsi, əsrarəngiz gözəlliyi ilə yerli və xarici qonaqların diqqətini çəkən Ağbulaq İstirahət Mərkəzi bu dəfə “STEAM yay məktəbi”nin şagirdlərini qonaq edib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 6-9 və 13-16 iyul 2021-ci il tarixlərdə ilk dəfə təşkil olunan “STEAM yay məktəbi” uğurla reallaşdırılan layihələrdən biri  kimi yaddaqalan oldu. 4 günlük təşkil olunan yay məktəbində muxtar respublikamızın ümumtəhsil məktəblərindən bacarıqları ilə fərqlənən 60 şagird iştirak edib. Proqrama uyğun olaraq günə səhər idmanı ilə başlayan şagirdlər yeməklərini yedikdən sonra təlimçi müəllimlərin apardığı dərs prosesində iştirak ediblər. Tədris mövzularına müvafiq olaraq birinci gün STEAM metodologiyaları, ikinci gün 3D modelləşdirmə və 3D çap, üçüncü gün lego modellərindən robotların hazırlanması, elektrik mühəndisliyi, sonuncu gün isə layihələrin hazırlanması proqramlaşdırma modulu, mikrobit platforması və mühəndislik dizayn dərsləri təşkil olunub. Şagirdlər Yay məktəbi vasitəsilə STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə biliklərini daha da genişləndirdilər.

“STEAM yay məktəbi” uşaqların inkişafına, dünyagörüşlərinin, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasına, sosiallaşmalarına yüksək təsir göstərərək, yeni dərs ilinə daha da həvəslə başlamaları üçün əhəmiyyətli stimuldur. Yay məktəbini şagirdlər üçün daha yaddaqalan etmək üçün təşkilatçılar tərəfindən intellektual oyunlar və əyləncəli proqramlar həyata keçirilib. İstirahət vaxtlarından səmərəli istifadə edən şagirdlər müxtəlif idman oyunlarında iştirak edərək, sənədli filmlərin nümayişini maraqla qarşılayıblar. Burada iştirak edən şagirdlər həyatlarında fərqli bir mühitlə qarşılaşıb, dostluqlar qurub, qrup şəklində bir – birlərinin bilik və bacarıqlarından faydalanmağı öyrənib, iş bölgüsü aparmağın səmərəli olduğunu mənimsəyiblər.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Kamal Qafarov:

“Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “STEAM yay məktəbi”ndə iştirak etmək məni çox sevindirdi. Asudə vaxtlarımızı həm öyrənərək, həm də əyləncəli oyunlarla dəyərləndirdik. Təlimçi müəllimlərin köməyi ilə yeni STEAM metodologiyasını və yeni texnologiyalarla işləməyi öyrəndik. Bu metodun mənim dərslərimə çox faydası olacağını düşünürəm. Gələcəkdə məqsədim Dizayner olmaqdır. Və “STEAM yay məktəbi”ndə dizayner olmağımın vacibliyini gördüm. Yeni dərs ilində STEAM dərslərində bu sahəyə olan marağımın mənə çox köməkliyi olacağına inanıram”.

Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Cəfərli Şahpəri:

“STEAM yay məktəbi”nin ikinci mərhələsində iştirak etdim. Düşünürəm ki, burada qrup şəklində öyrəndiyimiz biliklər vasitəsilə gələcək həyatımızda istədiyimiz peşəyə daha asanlıqla nail ola bilərik. Bu yay məktəbi sadəcə dərslərlə yox, həm də əyləncəli oyunlarla yadda qaldı. Təlimlərimizdə biz STEAM düşüncəsini mənimsəməklə yanaşı, bu düşüncə formasının bizim fərdi inkişafımıza necə böyük köməyi olacağını anladıq. STEAM-ı çox sevdim. Yeni dərs ilini səbirsizliklə gözləyirəm. Çünki burada öyrəndiklərimizi məktəbdə də tətbiq edəcəyik”.

Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Muradov Bəhman:

“STEAM yay məktəbi” mənim üçün ailəmdən ilk dəfə ayrılmağımla yaddaqalan oldu. Darıxacağımı düşünürdüm. Lakin ilk gündən təlimçi müəllimlərin bizə olan  səmimi münasibəti və qazandığım yeni dostlar mənə bu fikri unutdurdu. Burada biz şagirdlərlə birgə robot hazırladıq və onları hərəkətə gətirdik. Yay məktəbi vasitəsilə ilkin proqramlaşdırma qaydalarını öyrəndik. Filmlərdə gördüyüm  robotları yaxın gələcəkdə hazırlaya biləcəyimə inanıram”.

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Fidan Hümbətova:

“İlk dəfə “STEAM yay məktəbi”nə seçildiyimi öyrənəndə çox sevindim. STEAM dərsləri haqqında ilkin məlumatım var idi. Bu biliklərimi daha da genişləndirmək üçün səbirsizlənirdim. Mənim bu təlimlərdə ən çox sevdiyim sahə 3D printerlərlə və lazer yazıcı ilə işləmək idi. Bu sahədə bacarığımın olduğuna inanıram. Dostlarımla birgə rəqs edən robot hazırladıq və onun etdiyi hərəkətlər ilə çox əyləndik. Növbəti ildə təşkil olunacaq “STEAM yay məktəbi”nə seçilmək üçün əlimdən gələni edəcəyəm”.

Bu günə qədər çox çətin görünsə də, artıq hazırda STEAM təhsil metodu sahəsində şagirdlərimizin gələcəyin dünya nəhəngi olan NASA, AMAZON, GOOGLE və digər şirkətlərin layihələrində aparıcı şəxs olmaları əlçatandır. İnanırıq ki, gələcəyimiz olan STEAMçılar ölkəmizin texnologiya sahəsində inkişafa nail olmaq və bu qazandıqları uğurlar ilə dünyanın qabaqcıl ölkələri sırasına qoşulmaq üçün öz töhfələrini verəcəkdir.

                                            Günel Mustafabəyli

                                          Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və

Radio Verilişləri Redaksiyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: