Rezidenturaya qəbul imtahanının I mərhələsi (ikinci cəhd) və hərbi liseylərə qəbul imtahanı keçiriləcək
Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi və hərbi liseylərə qəbul imtahanı keçiriləcək.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Hər iki imtahan saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçılar DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi;
- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in saytından imtahana buraxılış vərəqəsi ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan və liseylərə qəbul imtahanında iştirak edən abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib. Hərbi liseylərə qəbul imtahanında isə 1911 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanların təşkili üçün ümumilikdə 13 imtahan binası, 208 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 269 nəzarətçi–müəllim, 26 buraxılış rejimi əməkdaşı cəlb olunub.
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.