Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Mərkəz tərəfindən iyul ayında müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib, 1 dövlət orqanı tərəfindən 11 dövlət qulluqçusu barəsində qanuni qərar qəbul etdirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 8 may 2019-cu il tarixli qərarına əsasən iyunun 10-dan iyulun 1-dək musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiya imtahanlarının müsahibə mərhələsi keçirilib. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üzrə 379 müəllim müsahibə mərhələsində iştirak edib, onlardan 367-si uğur qazanıb və növbəti beş il ərzində dövlət musiqi təhsili müəssisələrində fəaliyyət göstərmək hüququ əldə ediblər.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu 6-7 iyul tarixlərində Şərur və Ordubad rayon Təhsil şöbələrinin inzibati binasında bu rayonlarda və ətraf kəndlərdə yaşayan sakinlərə xidmət göstəriblər. İki gün ərzində ümumilikdə Şərur və Ordubad rayonlarında yaşayan 52 vətəndaşa səyyar xidmət göstərilib.
Ötən ay müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün iyunun 10-da elan edilmiş müsabiqənin sənəd qəbulu başa çatıb, eyni zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət musiqi təhsili müəssisələrində, Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində, digər dövlət qurumlarında, dövlət teleradio və mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqələr elan edilib. Elan edilmiş müsabiqələr üzrə sənəd qəbulu davam edir.