Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə elan olunan müsabiqənin test imtahanları 24 avqust 2018-ci il tarixindən etibarən keçiriləcək.
Müsabiqəyə 165 vakant vəzifə çıxarılıb. Həmin vəzifələrin tutulması üçün 527 nəfər sənəd təqdim edib. Onlardan 525 namizəd test imtahanına buraxılıb. Digər iki namizədin diplomlarının “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində mövcud olmadığı üçün test imtahanına buraxılmayıb.
Test imtahanında iştirakçılara ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla, ümumilikdə 80 sual təqdim ediləcək.
Sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcək. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab edilirlər. Test imtahanlarında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaqdır.
Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçiriləcək. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test imtahanlarının videoçəkilişi aparılacaq. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim ediləcək. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdiriləcək.
Test imtahanları 12 sentyabr 2018-ci il tarixədək davam edəcəkdir.