Rənglərin də səsi var... - Söz tələbə jurnalistlərindir

A- A A+

Bəşər sivilizasiyasının mədəniyyət ocağı olan Naxçıvanımızda rəssamlığın tarixi lap qədim zamanlardan, Gəmiqaya təsvirlərindən başlamış tarixin bütün dövrləri ilə səsləşən intibah mədəniyyətinin, memarlıq məktəbinin təsiri ilə inkişaf edib, diyarımızın təbiət gözəlliklərini öz fırçası ilə tariximizə həkk edən realist rəssamlığın banisi Bəhruz Kəngərli ilə özünün ən qüdrətli dövrünə çatıbdır. Bu gün isə diyarımızın peşəkar rəssamları ilə daha da inkişaf edərək gözəlləşir. 

Budəfəki söhbətimiz başdan-başa təbiət muzeyi olan Naxçıvanımızın göz oxşayan gözəlliklərini, əntiqə mənzərələrini öz fırçası ilə kətan üzərinə köçürüb neçə-neçə cansız rəsmə “həyat” bəxş edən Telman Abdinov haqqındadır. 70 yaşın zirvə çağında olan sənətkarla söhbət etmək, rəssamlıq fəaliyyəti ilə yaxından tanış olmaq üçün onun emalatxanasının, öz dili ilə desək, kiçik sənət dünyasının yolunu tutduq. 

Telman Abdinov 1954-cü ildə Şahbuz rayonunun Külüs kəndində zəhmətkeş bir ailədə anadan olub.  İnsan yaşadığı yerlə bütünləşir deyirlər, elə Külüs kəndinin saf havası, büllur kimi təmiz suyu, əsrarəngiz mənzərələri bu yaşlı sənətkara yaradıcılıq həvəsi verib. Lap kiçik yaşlarından rəsmə maraq göstərən sənətkar üçün televizorun ağ-qara ekranında Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadəni, Tahir Salahovu izləmək bu sahəyə olan marağını daha da artırıb. Elə bu ülvi marağı onun əlindən tutaraq 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə aparır. Burada oxuduğu müddətdə müəllimlərin rəğbətini qazanaraq tələbə-rəssam kimi tanınmağa başlayır. İlk rəsm əsəri də Səttar Bəhlulzadə adına şəkil qalereyasında “Abşeron ritmləri” adı ilə işıq üzü görür. 1978-ci ildə isə məktəbi fərqlənmə ilə bitirib Naxçıvana qayıdaraq yaradıcılıq fəaliyyətini daha da genişləndirir.

Bu incəsənət adamının emalatxanasına daxil olarkən sanki ecazkar, fantastik bir dünyanın qonağı olursan. Burada duyğuların hələ açılmamış sirləri də var, dərin məna və məzmun kəsb edən, tamaşaçılarını heyran qoyan tablolar da. Rənglərin vəhdəti, ideyaların füsunkarlığı, rəsmlərin nizamla, ahənglə düzülüşü sənətin gözəlliyindən xəbər verir. Rəsm əsərləri ilə “söhbət edərkən” aydın olur ki, sənətkarın yaradıcılığında rəssamlığın bütün janrlarından məharətlə istifadə olunub. Əsərlərində isə vətənpərvərlik və mənzərə mövzularını ön plana çəkib. Bu sənət dünyası kiçik də olsa ümman qədər incəsənət sevgisini özündə daşıyır. Elə rəssamlığın sirlərindən danışarkən Telman Abdinovun bu sahəyə olan sonsuz məhəbbəti hiss olunmaya bilməz. Rəssam incəsənətin dolğun sirlərindən söhbət açaraq deyir ki, Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Yurdumuzun bu göz oxşayan gözəlliyini istər mənim, istərsə də digər rəssam həmkarlarımın əsərlərində görmək mümkündür. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Musiqi kimi, rəsm də duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir… Rəssamlıq sənəti ilə yeni məşğul olan insanlar bilməlidir ki, bu sənətin əsas əlamətləri obrazlılıq, emosionallıqdır. Belə olduqda əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Hər bir rəssam çalışmalıdır ki, işini sevsin, onun sirlərinə dərindən yiyələnsin. Onun emalatxanasına daxil olan hər kəs sözün əsl mənasında, özünü fantastik bir dünyada hiss etsin. Necə ki, siz bura daxil olarkən divarlardan asılmış əsərlərin sanki cazibəsinə düşdünüz, bax bu halı digər sənətsevərlərin timsalında görmək də bir rəssam üçün ən böyük uğur və sevincdir. Elə yaradıcılığın əsas məqsədi də budur, tamaşaçının sevgisini qazanmaq.

Rəssamın düşüncə tərzini inkişaf etdirən ilham qaynağı olur, deyir Telman Abdinov. Qeyd edir ki, rəssamlıq da incəsənətin digər növləri kimi, daha geniş auditoriyanın marağını özünə çəkməli və öz auditoriyasını daha da genişləndirməlidir. Klassik sənət cərəyanının, rəssamlığın intibah dövründən başlayaraq bu günə qədər dəbdən düşməməsi, yeniliklərin əlavə edilməsi də məhz incəsənət adamlarının öz duyğu və düşüncələrindən əlavə tamaşaçı auditoriyasının marağını da ön plana çəkməsində gizlidir. İllərin mənə qazandırdığı təcrübəyə söykənərək deyə bilərəm ki, əgər doğrudan da, sənətkar arzuladığı obrazı yaradıbsa, demək, artıq o, tükənib. Çünki bir rəssamın üfüqləri geniş olmalı, əsərində eyni anda bir yox, bir neçə obrazı yaratmağı bacarmalıdır. Elə bu səbəbdən yaradıcı insanların təbiəti sevmələri və daha çox gözəl, göz oxşayan mənzərələri vəsf etməsi təsadüfi deyil. Təbiət özü yaradıcılıq üçün geniş məkandır. Hələ ki bu təbiət də Naxçıvanın göz oxşayan mənzərələri ola... 

Bu sənət adamının səmimi söhbətini dinləmək sanki insana yaradıcılıq stimulu verir, ruhunu dincəldir. “Rəssamlar əsərlərinin cazibədar olması üçün hər şeyin ən gözəlini görməyə məcburdular, - deyən həmsöhbətim qeyd edir,- hər bir rəssamın daxili aləmi və məqsədi onun yaradıcılığındakı cərəyan xəttidir. Hər hansı əsərin yaranmasında ilham qaynağı olmalıdır. Rənglərin palitrada qarışdırılması belə, rəssam üçün ilham pərisinə çevrilə bilər. Rəssam sənət əsərini çəkərkən birinci onun xasiyyətini tutmalıdır və yaratdığı sənət əsərini düşünüb, sevməlidir. Rəssam olmaq üçün insan gərək böyük intellektə, mədəniyyətə və biliyə malik bir insan olsun ki, o öz düşüncələrini tamaşaçıya dolğun çatdıra bilsin. Tamaşaçı belə olduğu halda onu dərk edə bilər… Rənglər dünyasının palitrasından həzin muğam, təsnif, eləcə də hər hansı musiqi janrı çərçivəsinə sığmayan melodiya da duymaq olur. Bəli! Elə bu yerdə, 70 yaşın zirvə çağında deyə bilərəm ki, rənglərin də öz səsi, öz nəğməsi var. O məst edici səsi, insanın zövqünü oxşayan həzin melodiyanı isə çəkdiyi hər şəkli qəlbi ilə görüb, ruhu ilə duyan rəssamlar eşidə bilər. İnanıram ki, bundan sonra da sənət ocağı, yaradıcılıq məktəbi olan qədim diyarımız, Naxçıvanımız neçə-neçə rəssamlar yetirəcək dünyaya. Onlar da bizim kimi dövlətimizin incəsənət insanlarına göstərdiyi böyük diqqət və qayğı ilə fəxri adlara layiq görüləcək, öz əsərləri ilə ölkəsini hər yerdə tanıdacaqlar.

Son olaraq onu da qeyd edim ki, incəsənət adamı üçün dövlətin dəstəyi, onun yaradıcılığına verdiyi dəyər də əsas şərtdir. Bunu da ölkəmizin hər yerində görmək mümkündür. Mən də 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti ilə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” adına laiq görülmüşəm. İllərin mənə qazandırdığı bu uğura görə cənab Prezidentimizə, muxtar respublikada hər bir incəsənət adamını daim diqqətdə saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova öz dərin minnətdarlığımı bildirirəm”. 

Bu ecazkar sənət dünyasından ayrılarkən son dəfə divarlardan asılmış, rənglərin əlvan çalarları ilə kətan üzərində kiçik möcüzələr yaradan şəkillərə tamaşa edirəm. Bir rəsmdə türkün şanlı tarixini əks edən II Qarabağ müharibəsinin zəfər ətirli mənzərəsini görürəm, fərəhlənirəm. Digər yandan şəhidlərimizin qanı ilə suvardığı Şuşa torpağının yetirib-bitirdiyi o zəfər gülünün- “Xarıbülbül”ün ətrini hiss edir, xanəndələrin dilindən düşməyən “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” sədalarını eşidirəm. Çünki artıq bilirəm ki, rənglərin də səsi var…

Məcid Raşədətoğlu
Naxçıvan Dövlət Universiteti
Jurnalistika ixtisası üzrə 2-ci kurs tələbəsi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: