Avqustun 30-u abituriyentlərin ali məktəblərə qəbul olmaq üçün ixtisas seçiminin son günüdür. Təki ixtisas seçimi düzgün aparılsın, gələcəyin başlanğıcı düzgün qoyulsun. Bu mərhələnin düzgün aparılması abituriyentin gələcək həyatının açarı, lokomotivi rolunu oynaya bilər, yaxud bütün ümidlərini bir an içərisində yox edə bilər. Ona görə də hər bir abituriyent ixtisas seçimini həyata keçirərkən təcrübəli və dünyagörüşlü, intellektual səviyyəsi yüksək olan mütəxəssislərlə məsləhətləşmələr aparmalı və adekvat addımlar atmalıdır.
İxtisas seçimi mərhələsinin düzgün aparılmasına dəstək məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent 4” jurnalı çap edilib və hər kəsin istifadəsinə verilib. Həmin jurnalda 2021-2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bundan əlavə, hər ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edilib. “Abituriyent” jurnalının xüsusi buraxılışları olan bu kitabçalarda ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yer alıb.
Abituriyentlərin məsləhət və köməyə xüsusi ehtiyac duyduğu ən mühüm məsələlərdən biri də ixtisas seçimi məsələsidir. Buna görə də nə qədər vəsaitin çap edilməsindən asılı olmayaraq, abituriyentlər yenə də yaxın köməyə ehtiyac duyur, gələcəyinin düzgün təmin edilməsi üçün hər bir yaxşı tövsiyəni dinləməyə hazır olurlar. Nəticə etibarilə, bütün bunlar abituriyentin ixtisas seçiminin uğurlu olmasına, seçim zamanı onun düzgün, ağıllı qərar qəbul etməsinə müsbət təsir göstərir. Gənclərin gələcək mütəxəssis kimi uğurları, arzu və istəklərinin reallaşması məhz ixtisas seçimi mərhələsində kifayət qədər düşünülmüş qərar qəbul etmələrindən asılı olur. Onlar hərtərəfli düşünülərək seçilmiş ixtisas ilə öz gələcək karyeralarının əsasını qoymuş olurlar. Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Hər şeydən öncə ixtisas seçimi zamanı abituriyentin balı, sevdiyi ixtisas, uğur qazana biləcəyi, bacarıq və istedadının olduğu sahə, ixtisasa bu gün və gələcəkdə tələbatın mövcudluğu xüsusi önəm daşıyır. Həmçinin dünyaya inteqrasiya üçün seçdiyi ixtisasın nə qədər önəmli olması da düşündürücü amillərdəndir.
İxtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisas seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir. Yüksək bal toplayan abituriyentlər üçün ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 –700 intervalında bal toplayan abituriyent hansı sahənin mütəxəssisi olmaq istəyirsə, buna asanlıqla yiyələnə bilir. Aşağı bal toplayan abituriyentlər isə heç şübhəsiz, ciddi seçim qarşısında qalırlar. Əsasən, 300-400 intervalında bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi, istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun universitetə qəbul olmaq olur. Aşağı bal toplayan abituriyentin seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və onların balları seçdiyi ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir.
Abituriyent 15 ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir.
Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.
Müsabiqədə iştirak edən abituriyentlərə ixtisas seçimində kömək məqsədilə DİM tərəfindən lazım olan informasiyalar açıqlanıb. Abituriyentlərə kömək məqsədilə hər bir ixtisas qrupu üzrə qəbul imtahanları keçirildikdən və cavablar elan olunduqdan sonra müsabiqədə iştirak edən abituriyentlərin ballarının paylanma cədvəlləri təyin edilir. Yəni burada keçid balı (150-200 bal) toplayan neçə abituriyent var və yaxud neçə abituriyent 500 bal toplayıb, hamısı haqqında məlumatlar verilir və abituriyent buna əsasən balının hansı ixtisasa uyğun olduğunu təyin edə bilir. Bundan əlavə, ixtisas seçimindən əvvəl keçid balları təyin edilir. Keçid balları ötən ilin müsabiqə vəziyyəti ilə bu ilin müsabiqə vəziyyəti arasında fərqin əsasında yaranır. İxtisas seçimi zamanı abituriyentlərə onlara təqdim olunan informasiyaları düzgün təhlil etməyi və buna əsasən qərar verməyi aşılamaq lazımdır.
Müsabiqədə iştirak edən abituriyentlərə avqustun 20-dən 30-dək vaxt verilib. Kifayət qədər vaxtın olması ilə yanaşı, abituriyentin ixtisas seçərkən kodlaşdırmada səhv etmək şansı yoxdur. Çünki səhv olan zaman proqram avtomatik olaraq abituriyentə yanlış olması ilə bağlı məlumat verir. Abituriyentə yalnız informasiyaları düzgün təhlil etmək və balına uyğun olan ixtisası müəyyənləşdirmək qalır.
Mütəxəssislər hesab edirlər ki, gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Lakin unutmaq olmaz ki, ixtisasa görə yox, vəzifəyə görə əmək haqqı ödənilir. Aydın olur ki, yüksək maaş üçün ixtisasın düzgün seçilməsi heç də əsas amil deyil. Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürür. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları özlərinin arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Bəzən isə valideynlər övladlarını özlərinin “ixtisas davamçısı” kimi görmək istəyirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Amma övladının fikrinə də hörmət etmək valideynin borcudur. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularına və ya prestijli peşəyə sahib olmalarına məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyil etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur.
İxtisas seçərkən nəzərə almaq lazımdır ki, insan həyatda bir dəfə məslək seçir. Önəmli olan seçəcəyimiz peşəni sevmək, işimizin dəyərini anlamaq və peşəyə sadiqlikdir. Müasir dövrdə abituriyentlər və valideynlər hər şeyin bu il həll olmasını istəyirlər, amma abituriyentin əsas məqsədi hər hansı universitetə qəbul olmaq deyil də, istədiyi peşəyə sahib olmaqdırsa, növbəti ilə daha yaxşı hazırlaşıb, xəyalındakı peşəyə yiyələnmək üçün çalışmalıdır.
İxtisas seçimi və qəbul ərəfəsində valideyn və abituriyentlərin psixoloji xidmətə də ehtiyacları az olmur. Bəzi valideynlər övladlarının universitetə qəbul olmamasını az qala “milli faciə” həddinə qaldırırlar ki, bu da abituriyentlərin psixikasında dərin izlər buraxır. Demək olar ki, əksər abituriyentlər imtahanda uğursuzluqdan çox, valideyn təzyiqi ilə qarşı-qarşıya gəlməkdən qorxurlar. Burada imtahandan əvvəl abituriyentləri təskin etmək vəzifəsi valideynlərin üzərinə düşür. Valideynlər övladlarını qınamaq yerinə, ona uğursuz olmaqdan qorxmamağı, əgər hər hansı bir halda imtahanda uğursuzluq baş verərsə, bunun elə də böyük bir problem olmadığını, növbəti il şansını bir daha sınamasının mümkünlüyünü deyərək övladlarını mənəvi cəhətdən rahatlatmalıdırlar. Digər halda, övladın marağı varsa, valideyn onu orta ixtisas məktəblərindəki ixtisaslara yönəltməli, yaxud peşə təhsili liseyində sevdiyi peşəyə yiyələnməyə sövq etməlidir.
Bu gün Naxçıvanımızda fəaliyyət göstərən, müasir tədris şəraitinin yaradıldığı üç ali təhsil ocağı, bir texniki kollec və tibb kolleci, bir neçə peşə liseyi dünya standartlarına cavab verən ixtisaslara yiyələnməyə rəvac verir. Xüsusilə, prestijli ixtisaslardan sayılan hüquq, tibb və iqtisadiyyat fakültələrinin mövcudluğu abituriyentlərimizin elə doğma Naxçıvanda təhsillərini davam etmələrinə bir töhfədir.
Natiq Məmmədov
Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi
“Şərqin səhəri” qəzeti