“Abituriyent” jurnalının 5-ci nömrəsi və kolleclərə 2020-ci ildə qəbul üçün keçid balları kitabça şəklində nəşr edilib
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 5-ci nömrəsini və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Abituriyent” jurnalının 5-ci nömrəsində 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.
Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.
Mərkəzə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.
Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar.
Jurnalları DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.