Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsinə start verilib - FOTOLAR
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin müsahibə mərhələsi başlayıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müsahibədə ilk olaraq bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda işləmək istəyən namizədlər iştirak ediblər.
Müsahibə qrupunun tərkibinə müstəqil ekspertlər, Dövlət İmtahan Mərkəzinin və müvafiq dövlət orqanlarının nümayəndələri daxildir. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə prosesinin videoçəkilişi də aparılır.
Qanunvericiliyə uyğun olaraq keçid balını toplayan namizəd haqqında məlumatlar Mərkəzin müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur. Müsahibənin nəticələri barədə məlumatlar Mərkəzin rəsmi internet portalında yerləşdirilir.
Qeyd edək ki, 18 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 59 vakant vəzifənin tutulması üçün 729 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 662 namizəddən 285-i müvafiq keçid balını toplayıb. Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün isə 13 namizəd müraciət edib. Esse imtahanında iştirak edən 12 namizəddən 8-i keçid balını toplayıb.
Müsahibə mərhələsində iştirak etmək üçün 259 namizəd qeydiyyatdan keçib. Həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilən keçid balını toplayan və inzibati vəzifə üzrə sertifikat əldə edən 6 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub. Ayrı-ayrı dövlət orqanları üzrə ən sıx müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Maliyyə, Təhsil və Gənclər və İdman nazirlikləri üzrə qeydə alınıb.
Dövlət orqanları üzrə müsahibələr Mərkəzin rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq 15 sentyabr 2021-ci il tarixə kimi davam edəcək.
Mədinə Rəhimli