“Perseverance” kosmik aparatı öz missiyası çərçivəsində Mars planetinin səthindən ilk süxur nümunəsi götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) saytına istinadla xəbər verir ki, sentyabrın 1-də “Perseverance” mars aparatından alınmış məlumatlara əsasən, mütəxəssislər Mars torpağından nümunə götürməyə uğurla nail olublar. Yerə göndərilmiş fotoşəkildə zədələnməmiş süxur nümunəsinin rezervuarda olduğunu görmək mümkündür.
Xatırladaq ki, avqustun 5-də “Perseverance” planet torpağından nümunə götürməyə cəhd etmişdi. Lakin bu cəhd uğursuz olmuşdu.
Gələcəkdə Mars aparatının topladığı nümunələrin NASA və Avropa Kosmik Agentliyinin birgə missiyası çərçivəsində Yerə çatdırılacağı gözlənilir.
“Perseverance” kosmik aparatı fevralın 18-də Ezero kraterinin yaxınlığında Mars səthinə enib. NASA-nın tarixində beşinci Mars aparatı olan “Perseverance” Qırmızı planetin quruluşu və geologiyasının tədqiqi üçün nəzərdə tutulan yeddi elmi alətlə, həmçinin 25 kamera və iki mikrofonla təchiz olunub.
Aparatın əsas missiyası Mars səthindən gələcəkdə Yerə çatdırılması nəzərdə tutulan süxur nümunələri toplamaqdır. Onun göyərtəsində Qırmızı planetin atmosferindən oksigen almaq üçün eksperimental qurğu da var. NASA-nın hədəfi 2030-cu illərədək Mars planetinə insan göndərmək imkanlarına yiyələnməkdir.