Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması avqust ayında da diqqətdə saxlanılıb, bir sıra görüş, seminar, tədbir, monitorinq keçirilib və ekskursiyalar təşkil edilib.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən mağazalarda qadınların əl işləri satılaraq dəyəri iş sahiblərinə təqdim olunub. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi ilə bağlı tədbir keçirilib.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer muxtar respublikaya səfəri çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində adıçəkilən layihənin iştirakçısı olmuş qadınlarla görüşüb, layihənin icrası barədə ətraflı məlumat verilib.
Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına 148 uşaq haqqında fərdi məlumatlar daxil edilib.
Sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərinə, məktəbəqədər və məktəbdənkənar müəssisələrə cəlbi ilə bağlı uşaqların evlərində monitorinq keçirilib. Monitorinq çərçivəsində 7-si Naxçıvan şəhəri, 13-ü Babək rayonu, 14-ü Şərur rayonu, 5-i Kəngərli rayonu, 6-sı Sədərək rayonundan olmaqla, 45 uşaqdan 29-u təhsilə cəlb olunub.
Yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər görülüb. Keçirilən ekskursiyalarda müvafiq kateqoriyadan olan 91 uşaq iştirak edibdir.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1 uşağın evində monitorinq keçirilib.