Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri, namizədlər üçün tövsiyələr, 2020-ci ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları da təqdim olunub.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 9-dan 16-dək davam edəcək.
Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün sentyabrın 9-dan 16-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaq.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq.
Jurnalı sabahdan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Nəşrin elektron versiyasını isə (PDF formatında) sabah günün ikinci yarısından etibarən dim.gov.az saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.