Naxçıvan Dövlət Universiteti “Elektronika və İnformasiya texnologiyaları” kafedrasının professoru Cavanşir Zeynalov, həmin kafedranın müəllimi Rüstəm Məmmədov və “Nəqliyyat və texniki fənlər” kafedrasının müdiri Məftun Əliyevin “Qeyri-səlis xətti proqramlaşdırma məsələsi və onun həllinə neyron şəbəkələrin tətbiqi” adlı elmi məqalələri Rusiyanın nüfuzlu “Eurasian Union of Scientists” jurnalında çap olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə iqtisadiyyatın optimal planlaşdırılması məsələsi haqda məlumat verilir. Bildirilir ki, qeyri-səlis ədədlər fəzasında qeyri-səlis xətti proqramlaşdırma kimi formalaşan məsələnin həlli ümumi bir xətti proqramlaşdırma halına gətirilib və həll etmək üçün neyron şəbəkə qurulub. Həmçinin məqalədə o da bildirilir ki, qeyri-səlis sistemlər üçün xətti proqramlaşdırma probleminin formalaşması xüsusi maraq doğurur.
Məlumat üçün onu da bildirək ki, jurnal Rusiyada çap olunur və 9 adda beynəlxalq elmi indeksləşmə bazalarına, o cümlədən Global İmpact Factor elmi indeksləşmə bazasına daxildir.
Səadət Əliyeva