NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş zamanı Təhsil naziri Rəhman Məmmədov deyib. Nazir bildirib ki, ümumilikdə 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla 2882 məzun bitirib, onlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İmtahanda iştirak edən məzunlardan 1612-si, yaxud 65 faizi ali təhsil müəssisələrinə qəbul olub. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplayıb ki, onların da 155-i, yaxud 60 faizi qızlar, 106-sı, yaxud 41 faizi isə oğlanlardır. Yüksək bal toplayan məzunlardan 57-si Naxçıvan şəhər, 35-i Şərur, 44-ü Babək, 21-i Ordubad, 32-si Culfa, 15-i Kəngərli, 21-i Şahbuz, 6-sı Sədərək rayonunun, 30-u isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdırlar. Muxtar respublikanın ali təhsil müəssisələrində yaradılan müasir infrastrukturun nəticəsidir ki, yüksək nəticə göstərən məzunların 150-si, yaxud 58 faizi muxtar respublikanın ali təhsil müəssisələrinə qəbul olub.