Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə cari ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Naxçıvan Bölməsi əməkdaşlarının və Fransadan gəlmiş arxeoloqların iştirakı ilə biri beynəlxalq olmaqla iki arxeoloji ekspedisiya həyata keçirildiyini bildirən Bölmənin sədri, akademik İsmayıl Hacıyev hər iki arxeoloji araşdırma barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası Uçan Ağıl yaşayış yerində 2015-ci ildən başlayaraq AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və dosent Catherine Marronun rəhbərliyi ilə başlamışdır. Xaraba Gilan arxeoloji ekspedisiyası isə 2004-cü ildən etibarən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə tədqiqat aparır. Akademik hər iki ekspedisiyanın Naxçıvan Muxtar Respublikası ərazisindəki qədim yaşayış yerlərinin öyrənilməsində, Naxçıvanın tarix və mədəniyyəti ilə bağlı bir sıra əhəmiyyətli faktların aşkara çıxarılmasındakı mühüm rolundan bəhs edib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Uçan Ağıl və Osmantəpə yaşayış yerlərində aparılan araşdırmalar, Şahbuz rayonunda həyata keçirilən kəşfiyyat xarakterli işlər haqqında ətraflı məlumat verib.
V.Baxşəliyev Naxçıvanın qədim Neolit yaşayış yerlərindən biri olan Osmantəpədə aparılan arxeoloji tədqiqatlar və əldə olunan elmi yeniliklərdən də bəhs edib. Vurğulayıb ki, aşkar olunan yeni arxeoloji materiallara əsasən bu yaşayış yerinin tarixinin e.ə VI minilliyə aid olduğu artıq sübuta yetirilib. Tapılan əmək alətləri qalıqlarının mikroskopik analizi onların qədimdə hansı məqsədlərlə istifadəsini öyrənməyə imkan verir.
Arxeoloq alim Baş yurd yaylağında aparılan kəşfiyyat xarakterli araşdırmalar və nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdıraraq söyləyib ki, Naxçıvanın qədim və zəngin mədəniyyəti ilə bağlı əldə olunan yeniliklər müntəzəm olaraq tanınmış beynəlxalq jurnallarda dərc olunaraq dünya elmi dövriyyəsinə daxil edilir.
Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edən dosent Catherine Marro çıxış edərək bildirib ki, Cənubi Qafqazda köçmə maldarlıq ilə bağlı çox az sayda yaşayış yeri mövcuddur. Bu abidələrdən ikisinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşməsi bölgənin qədimliyi və mühüm coğrafi-strateji mövqeyi ilə bağlıdır.
Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəhlul İbrahimli tədbirdə 2021-ci ildə aparılan arxeoloji tədqiqatların əsas nəticələri haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, qazıntıların əsas məqsədi Plovdağ ətrafındakı qədim abidələrin hansı xronoloji ardıcıllıqla yerləşdiyini müəyyənləşdirmək və yaşayış yerinin son dövrlərinə aid abidələrin xarakterini öyrənməkdən ibarət olmuşdur.
II Plovdağ nekropolundakı Son tunc dövrünə aid kurqanlardan keramika və bəzək əşyaları, bir kurqanın qurbangahında isə qurban verilmiş xırdabuynuzlu heyvan qalıqları aşkar edilibdir.
Ekspedisiyaların nəticələri ilə bağlı dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Diqqətə çatdırılıb ki, hər iki ekspediyanın uğurlu fəaliyyəti Naxçıvanın zəngin tarixinin, burada mövcud olmuş qədim mədəniyyətlərin öyrənilməsi və dünya elmi ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.