Naxçıvanda ehtiyacı olan 495 uşağa məktəbli forması və dərs ləvazimatları verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 15 sentyabr - Bilik Günü ərəfəsində aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova müvafiq kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısından danışıb, onların inkişafı, təhsili sahəsində atılan addımları vurğulayıblar.
Qeyd olunub ki, muxtar respublikada 165 mindən artıq uşaq var. Onlardan 1800-dən artığı sağlamlıq imkanları məhdud, 74-isə hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlardır.
Sonra aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.
Muxtar respublikanın rayonlarında da təşkil olunan analoji tədbirlər də hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 93, sağlamlıq imkanları məhdud 287, aztəminatlı ailələrin övladlarından isə 115 olmaqla, ümumilikdə 495 nəfər məktəbli forması və dərs ləvazimatları ilə təmin olunub. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərə gələ bilməyən sağlamlıq imkanları məhdud uşaqlara forma və ləvazimatlar evlərində təqdim edilib.
Qeyd edək ki, tədbir Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Mədinə Rəhimli