AMEA Naxçıvan Bölməsində “Araz-Türk Cümhuriyyəti” kitabının təqdimatı keçirildi - FOTOLAR

323

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Araz-Türk Cümhuriyyəti” kitabının təqdimat mərasimində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli kitabın əhəmiyyətindən danışıb.

Alim bildirib ki, həyatını Azərbaycan tarixşünaslıq elminin zənginləşdirilməsinə, Naxçıvanın çoxəsrlik dövlətçilik ənənələrinin öyrənilməsinə həsr edən İsmayıl Hacıyevin tədqiqatlarının nəticəsi müxtəlif kitab və monoqrafiyalarda, elmi məqalələrdə öz əksini tapıb. Onun “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyası, habelə digər sanballı əsərləri Naxçıvanla bağlı erməni saxtakarlığının darmadağın edilməsi, fakt və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Yeni nəşr olunmuş “Araz-Türk Cümhuriyyəti” kitabı da bu xəttin uğurlu davamıdır.

Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında 24 sentyabr 2019-cu il tarixli Sərəncamı əsasında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub. Müəllif burada arxiv materialları və digər mənbələri yüksək analitik təfəkkürlə təhlil edərək, bir sıra tədqiqatçılar tərəfindən yanlış şərh olunan məsələlərə aydınlıq gətirib. 

Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev, professor Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru Musa Quliyev kitab haqqında çıxış edərək qarışıq və yanlış təhlil olunmuş faktların yenidən dəqiqləşdirilməsini, bir sıra məlumatların daha əhatəli araşdırılmasını yüksək qiymətləndirib, əsərin tarix elmimizdə mühüm əhəmiyyətindən bəhs ediblər.

Sonda çıxış edən müəllif Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” Sərəncamının bütövlükdə dövlətçilik ənənələrimizin daha dərindən araşdırılmasına, saxta erməni iddialarının ifşasına mühüm töhfə olduğunu vurğulayıb. Tariximizə, mədəniyyət abidələrimizə göstərilən diqqət və elm adamlarının əhatə olunduğu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: