Naxçıvanın seysmikliyindən bəhs edən məqalə ABŞ-da nəşr olunub

A- A A+

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji xidmət şöbəsinin müdiri İlkin Vəlibəyovun “Naxçıvan Muxtar Respublikasının blok quruluşu və yer qabığının seysmikliyi” (Block structure of the Nakhchivan Autonomous Republic and seismicity of the crust) adlı məqaləsi Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Advances in Ecological and Environmental Research” (Ekoloji və ətraf mühitin araşdırılmasında inkişaf) elmi jurnalında dərc olunub.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin mətbuat xidmətindən xəbər verilib.

Tədqiqatçı İlkin Vəlibəyovun baza məlumatları əsasında aparılmış və jurnalın münsiflər heyəti tərəfindən müsbət rəy almış məqaləsində Naxçıvan Muxtar Respublikasının daxil olduğu Araz meqazonasında dərinlik yarılmalarının sərhədləndiyi ərazilər verilib. Regionun seysmoaktiv ərazilərinin Anadolu, Qafqaz və İranın iri tektonik qırılmalarına  uyğunlaşması, seysmoaktivliyi ilə seçilən ocaq zonalarının əsasən Qafqaz və antiqafqaz istiqamətlərdəki qırılmaların kəsişmələrində yerləşməsi apardığı müşahidələrin nəticəsi kimi qeyd olunub. Regionun mürəkkəb tektonik quruluşu, seysmikliyi, deformasiyası, qırışıq bloklu strukturu, buradakı iri dərinlik qırılmaları ilə sərhədlənən seysmogen zonalar və güclü zəlzələlər yarada bilən  ocaqlar təhlil olunub.

Müxtəlif dövrlərdə muxtar respublika və ona yaxın ərazilərdə baş vermiş güclü zəlzələlərin intensivlik xəritəsinə əsaslanan müəllif Naxçıvan Muxtar Respublikası ərazisinin seysmikliyinə görə fərqlənən Ordubad, Naxçıvan, Şahbuz, Sədərək bloklarına  ayrıldığı və  maqnitudası ml≥4 olan zəlzələlərin bu blokların sərhədlərində müşahidə olunduğu qənaətindədir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ərazisində seysmoloji məlumatların tədqiqi ABŞ istehsalı olan 4 peyk rabitə sistemli, rəqəmsal telemetrik seysmik stansiyalardan (Heydərabad, Şahbuz, Naxçıvan, Ordubad) ibarət müşahidə şəbəkəsi əsasında aparılır. Yerli, yaxın, uzaq zəlzələlər, partlayışlar və vulkanlar bu şəbəkədən ötürülən məlumatlar əsasında xüsusi proqram təminatı vasitəsilə emal olunaraq təhlil edilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: