Pilotsuz uçuş aparatlarında GPS əvəzetmə ilə hücumların aşkar edilməsi metodu təqdim olunub

A- A A+

AMEA İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlı Rusiyanın Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanınma-2021” adlı XVI beynəlxalq elmi-texniki konfransda “Pilotsuz uçuş aparatlarında GPS əvəzetmə ilə hücumların aşkar edilməsi metodu” mövzusunda məruzəsini təqdim edib.

İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, O.Vəlixanlı pilotsuz uçuş aparatlarını (PUA) hədəf alan hücumlar haqqında ümumi məlumat verib. O, PUA-ların son zamanlar daha çox GPS aldatması (Global Position System – Qlobal Mövqetəyinetmə Sistemi) hücumuna məruz qaldığını bildirib. Qeyd edib ki, GPS aldatması hücumu zamanı hücumçu saxta siqnallar ötürərək qəbuledicini yanıltmağa çalışır. Bu isə öz növbəsində PUA-ların qaçırılmasına və ya qəsdən qəzaya uğradılmasına səbəb ola bilər. Bu növ hücum yalnız PUA-lara qarşı deyil, həm də digər GPS qəbuledicisindən istifadə edən vasitələrə də tətbiq edilə bilər.

Məruzəçi GPS aldatma hücumlarının aşkarlanması üçün maşın təliminə, siqnalların emalına və siqnalın gəliş istiqamətinin təyininə aid metodların mövcud olduğunu vurğulayaraq hər biri haqqında məlumat verib. Daha sonra tədqiqat işində GPS aldatması hücumunun aşkarlanması üçün konvalyusiya neyron şəbəkəsinə (Convolutional Neural Network) əsaslanan yeni modelin təklif edildiyini bildirib. Yeni metodun PUA-ların uçuş zamanı qeydə alınmış loq-fayllarının analizinə əsaslandığını söyləyib. O, tədqiqatın nəticələrini diqqətə çatdırıb, digərləri ilə müqayisədə daha yüksək nəticələrin əldə olunmasının yeni metodun əsas üstünlüyü kimi qiymətləndirildiyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: