Naxçıvan dünən və bu gün..-Camaldın kəndi - FOTOLAR

A- A A+

Dörd ildən bəridir ki, muxtar respublikamız tam blokada şəraitində yaşayır. Bu, bütün sahələrdə olduğu kimi, məktəblərin şəraitində də bir sıra çətinliklər yaratmışdır. Təbii qazın kəsilməsi, daş kömürün olmaması ayrı-ayrı yerlərdə qış günlərində məktəblərin normal fəaliyyət göstərməsinə imkan vermir. Lakin bu çətin günlərdə təşəbbüskarlıq göstərilən rayonlarda qarlı, şaxtalı havalarda məktəblərdə dərslərin keçirilməsinə lazımi şərait yaradılır.

Culfa Rayon İcra Hakimiyyətinin bu sahədəki nəcib təşəbbüsü təqdirəlayiqdir. Rayonda 26 orta, 1 səkkizillik məktəb və məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti 8000 müəllimin, 5520 şagirdin dərsdə fəal iştirakını təmin etmək üçün lazımi tədbir görmüşdür. Belə ki, məktəblər üçün İran İslam Respublikasının istehsalı olan 400 maye yanacaqla işləyən soba alıb məktəblərə paylamışdır. 10 ton dizel yanacağı kollektivlər arasında bölüşdürülmüşdür.Yeri gəlmişkən deyək ki, ictimaiyyət, ayrı-ayrı təşkilatlar və valideynlər də yanacaqla məktəblərə yaxından kömək edirlər.

Söhbət zamanı rayon xalq-təhsil şöbəsinin müdiri Qurban Rəhimov dedi ki, bir sıra kəndlərdə müəllimlərin təşəbbüsü və yaxından iştirakı, habelə valideyn və müəllimlərin köməyi ilə məktəblər üçün odun və digər yanacaqlar da toplanmışdır. Bu isə ən ucqar dağ kəndlərində belə dərslərin normal keçirilməsinə şərait yaratmışdır.

“Şərq qapısı” qəzeti,

 4 yanvar 1995-ci il

Camaldın məktəbi müstəqillik illərinin bəhrəsi kimi...

Bu təhsil ocağı müstəqillik dövründə tikilən və ya yenidən qurulan 200 məktəbdən biridir.

Əməkdar jurnalist Mətanət Məmmədovanın “Naxçıvan blokadası – Naxçıvan dünən və bu gün” adlı kitabında yer verdiyi və 26 il əvvəl “Şərq qapısı” qəzetində dərc olunan bu yazıda Culfa rayonundakı məktəblərin mövcud çatışmazlıqları, nöqsanları, soyuq qış aylarında minbir əziyyətlə qızdırılan təhsil ocaqlarının real şəraiti, daha doğrusu, şəraitsizliyi oxuculara çatdırılır. Rayonda təhsilin ozamankı vəziyyətini açıq-aydın göstərir.

1983-cü ildə istifadəyə verilən Camaldın kənd məktəbinin binası təhsil almaq üçün əlverişsiz idi və şəraitsizliyinə görə heç də digər təhsil ocaqlarından geri qalmırdı. Məlumat üçün deyim ki, mən özüm də həmin məktəbin məzunu olmuşam. Bu məktəbi bitirən hər bir şagirdin yaddaşında məktəblə, təhsillə bağlı acı xatirələri çoxdur.

Zaman-zaman xırda təmir işləri görülməsinə baxmayaraq, məktəbimizin binası təmirsiz və şəraitsiz idi. Məktəb binasının çölü ildə bir dəfə-məktəb açılanda əhənglə ağardılırdı. Soyuq düşən kimi siniflərdə yanan neft sobaları otaqların rəngini qapqara qaraldırdı. Sinfimizin aralı döşəmə taxtaları isə qələm, karandaş “məzarlığı” idi. Əlimizdən təsadüfən düşən kiçik əşyalar bizim deyildi-döşəmə həmin an onları “udurdu”. Dərsliklərin çatışmamasına baxmayaraq, bir-birimizə kömək edir, necə deyərlər, yoldaşı darda qoymurduq. Bir kitabdan ən azı üç şagird istifadə edirdi. Bir sözlə, bu gün müasir görkəmi ilə kəndimizin hüsnünə əlavə gözəllik qatan, universitet korpusunu xatırladan, ən müasir tədris bazası olan məktəbimiz bir zamanlar çoxumuz üçün xəyal olub.

Bu gün isə vəziyyət tamam fərqlidir. Muxtar respublikamızda təhsilin dünəni ilə bu gününün müqayisəsi təbii ki, qəzet səhifələrinə, hətta kitablara belə sığmayacaq qədər böyükdür. Çünki, təhsil muxtar respublikanın quruculuq coğrafiyasında mühüm yer tutur. Muxtar respublika rəhbərliyi tərəfindən prioritet sahə elan olunan təhsilin inkişafı üçün atılan addımların önündə məktəb quruculuğunun dayanması, muxtar respublikada yenilənən məktəblərin sırasına hər il bir neçəsinin əlavə olunması insanda qürur hissi yaradır. Müstəqillik illərində 200-dən çox ümumtəhsil məktəbinin tikilməsi və ya yenidən bərpa olunması təhsilin inkişafına, uğurlu gələcəyimizin təminatına ən böyük sərmayədir.

Hər il olduğu kimi, yenidən qurulan məktəblərin davamı olaraq 15 sentyabr 2020-ci ildə Culfa rayonunun yenilənən son məktəb binası, daha dəqiq desək, rayonun abadlaşan son kəndi – Camaldın kəndində müasir standartlara cavab verən möhtəşəm təhsil ocağının istifadəyə verilməsi muxtar respublikanın dinamik inkişafının növbəti bəhrəsi oldu.

252 şagird yerlik Camaldın kənd tam orta məktəbinin zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan, müasir standarlara cavab verən yeni binasında 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, internetə çıxışı olan 22 kompüterin yerləşdirildiyi informatika kabinəsi, kitabxana, şahmat otağı, idman zalı və hərbi kabinə fəaliyyət göstərir. Məktəbdə təhsil alan şagirdlər artıq laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artırır, idman zalında idmanın müxtəlif növləri ilə məşğul olur. Məktəbin kitabxana fondunda 1600-ü dərslik və 2555-i bədii ədəbiyyat olmaqla, 4155 kitab vardır. Şagirdlər kitabxanada “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan ədəbiyyatlarla mütaliə mədəniyyətlərini inkişaf etdirirlər.

 Camaldın kənd tam orta məktəbinin yeni binasının açılış mərasimində Ali Məclisin Sədri demişdir: “Muxtar respublikanın ən ucqar kəndində də, şəhərində də gənclərimiz eyni şəraiti olan məktəblərdə təhsil alırlar. Hər bir gənc üçün təhsil əlçatandır. Əsl vətəndaş yetişdirməyin, gələcəyimiz üçün əsaslı təminat yaratmağın yolu da məhz bundan ibarətdir”. Camaldın kənd tam orta məktəbinin yeni binasının açılışı zamanı məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri demişdir: “Məktəb ümumxalq işi olmalıdır. Təhsil təkcə müəllimlərin üzərinə düşən vəzifə deyil. Hər bir şagirdin, hər bir gəncin hazırlanması ümumxalq, ümumdövlət işidir. Dövlət üzərinə düşən vəzifələri yerinə yetirir. Müasir tədrisin tələblərinə uyğun məktəb binası tikilərək istifadəyə verilir. Pedaqoji kollektivin qarşısında duran əsas vəzifə isə gələcəyimizi hazırlamaqdır. Məktəbin tam fəaliyyət göstərməsi, uğur qazanması üçün hər cür şəraiti, eləcə də bütün fənlər üzrə müəllim heyəti vardır. Ona görə də məktəbdə tələbkarlıq olmalı, müəllimlər şagirdləri bacarıqlarına uyğun peşələrə yönəltməli, təhsilli və vətənpərvər nəsil yetişdirməlidirlər”.

Bəli, müstəqillik illərinin bəhrəsi olan və rayonun yenidən qurulan sonuncu məktəbi – Camaldın kənd tam orta məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırıqlarına uyğun olaraq yola saldığımız tədris ilini uğurla başa vurub.

Məktəbin direktoru Xeyrulla Kərimov ilə həmsöhbət olur, tədris ocağının nəticələri ilə maraqlanırıq. 2020-2021-ci tədris ilində Camaldın kənd tam orta məktəbini 6 şagird bitirib və onlar ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Nəticələrə gəldikdə isə deyə bilərik ki, 5 məzun keçid balını toplaya bilib və tələbə adını qazanıb. Sevindirici haldır ki, abituriyentlərdən 1-i 650-700, 1-i 550-600, digərləri isə 450-500 intervalında bal toplayıb. I qrup üzrə keçirilən qəbul imtahanlarında 661 bal toplamış məzunumuz Nurgül Əhmədova həm də “Gümüş” nişana layiq görülüb.

Xeyrulla müəllim deyir ki, məktəbimizdə tədris, texniki və elmi-metodiki vasitələrlə təminat olduqca aşağı səviyyədə idi. Əvvəllər məktəb odunla, sonralar neft sobası ilə qızdırılırdı və qış aylarında bir çox valideyn demək olar ki, övladını məktəbə göndərmək istəmirdi. Bu gün bütün bu sadaladıqlarım, sadəcə, yaddaşlarda yaşayan xatirədən ibarətdir. Çünki bu gün Camaldın məktəblisi XXI əsrin tələblərinə cavab verən müasir məktəb binasında təhsil alır. Sevinirik ki, muxtar respublikamızda təhsil prioritet sahələrdən biri kimi daim diqqətdə saxlanılır və bu illər ərzində 200-dən çox məktəb binası tikilib və ya əsaslı yenidən qurulub. Ötən tədris ilində, daha dəqiq desək, Bilik Günündə Camaldın kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasi xəttinə əsaslanan, dəyişən dövrün tələblərinə uyğun aparılan məqsədyönlü təhsil quruculuğunun bariz nümunəsi kimi bizi çox sevindirdi. Sevinirik ki, bu qayğıdan bizim kəndimizə də pay düşdü və əldə etdiyimiz bütün uğurların tərkibində məhz bu qayğı var.

Bəli, Camaldın kənd tam orta məktəbində yaradılan şərait və bu təhsil ocağının qazandığı uğurlar muxtar respublikamızda elm və təhsilin inkişafına göstərilən böyük qayğıdan xəbər verir. Çünki əldə olunan bütün uğurlar tədris ocağında yaradılan şəraitin real bəhrəsidir. Ən müasir sinif otaqlarında elektron lövhələrdən, internetə çıxışı olan kompüterlərdən, əyani vəsaitlərlə təmin olunmuş kabinələrdən, laboratoriyalardan istifadə edən şagirdlərin bir məqsədi var: Müstəqil Azərbaycanın gələcəyi naminə hərtərəfli biliyə malik gənc kimi yetişmək.

Alim Ağayev

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: