Elm adamları Cəmşid Naxçıvanskinin ev muzeyini ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi Cəmşid Naxçıvanskinin ev muzeyində olub.
Muzeydə akademiya əməkdaşlarına məlumat verilib ki, Cəmşid Naxçıvanskinin ev muzeyi 2019-cu ildə yenidən qurulub.
Bildirilib ki, Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi və muzeyinin yaradılması ideyası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Muzey 6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Burada böyük sərkərdənin keçdiyi həyat və döyüş yoluna aid tarixi sənədlər, eksponatlar qorunub saxlanılır. Hazırda muzeyin fondunda 5400-ə yaxın eksponat var. Eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir.
Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və digər dəyərli eksponatlar nümayiş etdirilir. Bunların içərisində Cəmşid Naxçıvanskiyə, Azərbaycan atıcı diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar və digər materiallar da xüsusi yer tutur.
Hafizə Əliyeva