Naxçıvan Dövlət Texniki Kollecində STEAM kabinəsinin təqdimatı keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında" 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsilinin tətbiqi sahəsində ardıcıl tədbirlər görülür. Görülən işlərin davamı olaraq ümumtəhsil məktəbləri ilə yanaşı, Naxçıvan Dövlət Texniki Kollecində də STEAM kabinəsi yaradılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün kollecdə keçirilən yeni STEAM kabinəsinin təqdimatında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şərait yeni təlim metodlarının tətbiqinə geniş imkanlar açıb. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb.
Vurğulanıb ki, ötən müddət ərzində STEAM təhsil metodunun tətbiq edildiyi təhsil müəssisələrinin sayı 53-ə çatdırılıb, yerli mütəxəssislər və Azərbaycan Respublikası Təhsil Nazirliyinin, eləcə də beynəlxalq təlimçiləri tərəfindən ümumtəhsil məktəblərinin 200-dən çox müəllim və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təlimlər keçirilib, təhsil metodunun sistemli tətbiqi üçün VI-VII siniflər üçün STEAM tədris proqramı və tədris vəsaiti hazırlanıb.
Nazir STEAM təhsil metodunun əhəmiyyətindən danışaraq qeyd edib ki, STEAM bacarıqlarına sahib işçi qüvvəsinə ehtiyac artdığı üçün bu yeni təlim metodu dünyanın hər yerində təhsil islahatının mərkəzindədir və getdikcə daha çox əhəmiyyət kəsb edir. Muxtar respublikada da təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərə alınaraq 7 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi məqsədini daşıyan Sərəncamın icrası ilə bağlı ümumtəhsil məktəbləri ilə yanaşı Naxçıvan Dövlət Texniki Kollecində də STEAM kabinəsi yaradılıb.
Rəhman Məmmədov texniki sahələr üzrə ixtisaslaşmış tələbələrin bu təhsil metodunu dərindən yiyələnmələri və STEAM kabinəsinin imkanlarından yararlanaraq tələbələrin Startap layihələr üzərində işləmələri ilə bağlı tapşırıqlar verib.
Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov kollecin ixtisasları haqqında məlumat verib, tələbələrin qazandıqları bilikləri sənət, dizayn və yaradıcılıq məhsullarına, o cümlədən layihələrə çevirmək üçün kabinənin olduqca əhəmiyyətli olduğunu bildirib. Kollecin direktoru STEAM təhsil metodunun tətbiqi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonra kabinədə quraşdırılan avadanlıqlara baxış olub. Məlumat verilib ki, kabinə müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 2 kompüter dəsti, 3D printer və müxtəlif rəngdə çap materialı, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və materialları ilə tam təmin olunub.
Tədbirin sonunda tələbələr STEAM təhsili metodu hazırladıqları layihələri təqdim ediblər.
Mahmud Hüseynov