Günümüz səhər günəşi ilə başlayıb günorta və axşam ilə davam etdikdən sonra gecə ilə sona çatdığı, fəsillərin yazı, yayı, payızı və qışı olduğu kimiömrümüzün də dövrləri vardır.
Gənclik çağı yaz kimidir, ahıllıq isə qışa bənzər, elə bir qış ki, arxasından bahar gəlməz. Ömürlərinin baharı arxada qalan, bəmbəyaz qışını yaşayan böyüklərimizi gəlin heç bir zaman tənha qoymayaq. Çünki ağsaqqalsız, ağbirçəksiz həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır. Onlar – Ahıllardır. Ahıl insan hər bir ailənin möhkəmliyi, dadı-duzu deməkdir. Cəmiyyət üçün də ahıl insan əvəzolunmazdır. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Belə bir deyim var, gənclərin aynada görə bilmədiklərini, yaşlılar bir kərpic parçasında oxuyarlar. Onların zəngin həyat təcrübəsindən faydalanmaqdan əlavə isə biz onlara bir ömür sevgi borcluyuq. Bizləri dünyaya gətirən, min bir əzab əziyyətlərlə boya başa çatdıran və bizi böyütdükcə saçlarını bəyaza boyayan bu insanların qayğısına qalmaq, nazını çəkmək bizim övladlıq borcumuzdur.
Dünyanı dərk edib, özümüzü tanıyandan bəri hər zaman ətrafımızda ata-anaya hörmət, ağsaqqala, ağbirçəyə dərin ehtiram görmüşük. Bu, ta qədimdən Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən olubdur. Amma təəssüf ki, bəzən bunun əksi də olur. Qocalar evinin sakinlərinə çevrilmiş ahılların içərisində atılmış yaşlılara da rast gəlirik. Bəzən valideynlər övlad qayğısından kənar qalır, böyüdüb boya-başa çatdırdığı övladından soyuq münasibət görür. Belə olan halda, bir zamanlar yeni doğulan körpələri üçün böyük sevinclər yaşayan bu valideynlər doğumuna sevindikləri övladları tərəfindən atılaraq kimsəsizliyə tərk edilirlər. Belə ahıllar dövlətin yüksək qayğısı ilə əhatə olunmalarına baxmayaraq onların ən böyük ehtiyacı övlad sevgisidir. Hazırda övlad sevgisinə həsrət qalan neçə-neçə insan var. Harada yaşamasından asılı olmayaraq tənha, kimsəsiz ömür sürən bu ahıllara məhz bu yaşında diqqət, qayğı göstərilməsi vacibdir. Unutmayaq ki, hər bir insan yaşlanmağa məhkumdur. Bu gün valideynlərini tənha qoyub gedən, onları köməksiz buraxan övladlar bilməlidir ki, həyatın hazırladığı bu imtahana hər kəs hazır olmalıdır.Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Yetişməkdə olan gənc nəslin doğru tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir. Bu haqda müdrik atalarımızın daha gözəl kəlamı vardır: "Qocalara hörmət et, səndə qocalacaqsan!" Gecələri yatmayıb başımızın üstündə laylay söyləyən analarımızı, alnının təri , əlinin qabarı ilə bizi böyüdən atalarımızı qocalığın qərib axşamında yalnız qoymaq, sevgidən, qayğıdan məhrum etmək isə heç bir insanlığa yaraşmayan davranışdı.
Hər ömür bir kitabdır, vərəqlədikcə arxada qoyub gəldiyin illərin izi görünür. O kitabın hər səhifəsi dünəninə işıq salır, bu gününü yaşadır. Gəlin ömür kitabımızın səhifələrini insani dəyərlərlə, böyüklərimizə hörmət və sevgi ilə dolduraq ki, dünyamız aydınlansın. Ahıl yaşına çatmış böyüklərimizi başımıza tac, gözümüzə çıraq edək. Çünki onlar sevgiyə, sayğıya və qayğıya ən çox layiq olanlardır.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika" ixtisası üzrə III kurs tələbəsi