NDU-nun “Tibb fakültəsi”nin ümumtəhsil məktəblərində “Sağlam ol” layihəsi davam edir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə Tibb fakültəsinin həkim, rezident və tələbələri Şahbuz şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə görüşüb.
Görüşün məqsədi tibb sahəsinə marağı olan şagirdlərin gələcəkdə bu sahədə təhsil almaları üçün onları həvəsləndirmək, eyni zamanda hər kəsin bilməli olduğu ilk tibbi yardım barədə ətraflı məlumatlar verməkdir.
Fakültənin müəllimləri- ginekoloq Gültəkin Əliyeva, cərrah Cəbi İsmayılov, pediatr Mətləb İbrahimov, bioloq Mürsəl Seyidov, reanimatoloq Bəxtiyar Hüseyov “İnsan anatomiyası” və “Biologiya” fənnlərindən nümunəvi dərslər keçiblər.
“Ümumi təbabət və kliniki fənlər” kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov “İlk tibbi yardım” simulyaları haqqında çıxış edərək həyati təhlükənin aradan qaldırılması üçün olduqca vacib olan ilkin tibbi yardımın əhəmiyyətindən danışıb. Tibb fakültəsinin tanıtım videoçarxı izlənilib. Sonra “İlk tibbi yardım” simulyasiyasının və tələbələrin çıxışlarının təqdimatı olub. Tədbirdə həmçinin “Sağlam gülüş” adı ilə “dişlərin sağlamlığı və gigiyenası” və “Zərərli qidalar” mövzusunda çıxışlar dinlənilib və şagirdlərin sualları cavablandırılıb.
Fakültənin həkim və rezidentlərinin iştirakı ilə ginekoloji, oftalmaloji, pediatrik, stomatoloji, kardioloji və ümumi terapevtik müayinələr həyata keçirilib.
Fəxriyyə Səyyadova