Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə universitetin rektoru Elbrus İsayev günün tarixindən danışıb, müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Vurğulanıb ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsindən xəbər verir. Təhsil işçilərinin əmək haqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlardır.
“İngilis dili müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Zübeydə Zeynalova öz çıxışında qeyd edib ki, muxtar respublikada müəllimlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün o yüksək balla məhz həmin peşəni seçərək Prezident təqaüdünə layiq görülüb.
Tədbirin bədii hissəsində rejissoru Gülxarə Əhmədovaya məxsus C. Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” pyesi əsasında səhnələşdirilmiş “Açıq dərs” səhnəciyi nümayiş etdirilib.
Sonra tələbələrin ifasında bədii qiraət, “Bayatı Şiraz” muğamı, E. Sabitoğlunun “Sən olmuşam”, T. Quliyevin “Sənə də qalmaz” mahnıları səsləndirilib.
“Nəqşicahan” instrumental ansamblının ifaları tədbiri daha yaddaqalan edib.
Səadət Əliyeva