Naxçıvanda Gənc Müəllimlər Assosasiyası yaradılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 5 oktyabr -“Beynəlxalq Müəllimlər Günü” və “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin təsis edilməsi ilə bağlı konfrans keçirilib. 

Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərin təltif efilməsi barədə sərəncamları ilə konfrans iştirakçılarını tanış edib, təltif olunan müəllimləri, həmçinin konfrans iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edib.

Nazir vurğulayıb ki, muxtar respublikada 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.

Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də zəruri tədbirlər həyata keçirilib. Təkcə ötən tədris ilində ümumtəhsil məktəblərindən 200-ü STEAM təlimləri olmaqla, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına cəlb olunub. 

Nazir bildirib ki, 2018-2019-cu tədris ilindən etibarən müəllimlərin işə qəbulunda müsabiqə mexanizmi tətbiq edilib və bu günədək müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 586-sı müəllim, 140-ı isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə 726 gənc kadr işlə təmin olunub. 

Təhsil naziri qeyd edib ki, muxtar respublikada keyfiyyətli tədris mühitində öz sənətini sevən kifayət qədər peşəkar müəllimlər formalaşıb. Bunların sırasında 1400-dən artıq gəncin olması onları bir araya gətirəcək birliyin yaradılmasını zəruri edib. “Beynəlxalq Müəllimlər Günü”ndə “Naxçıvan Gənc Müəllimlər Assosasiyası”nın təsis konfransının keçirilməsi yadda qalan hadisə olmaqla yanaşı, gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirəcək, gənc müəllimlərin fəallığını artıracaq, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Əməkdar müəllim, Aşağı Yaycı kənd tam orta məktəbin direktoru Yeganə Məmmədova, Şahbuz rayonunun Ağbulaq kənd tam orta məktəbinin ingilis dili müəllimi, Prezident təqaüdçüsü Nigar Mirzəmmədova, Culfa rayonunun Göydərə kənd tam orta məktəbin müəllimi, IV Qrant müsabiqəsinin qalibi Asudə Məmmədova çıxış edərək onların fəaliyyəti üçün yardılan şəraitdən danışıb, təhsilə və müəllim əməyinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər. 

 Sonra “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin Nizamnaməsi oxunub, Birliyin İdarə Heyətinin 13 nəfərdən ibarət tərkibi səsə qoyularaq təsdiq edilib. Naxçıvan Şəhər Təhsil şöbəsinin əməkdaşı Gülxanım Orucova Naxçıvan Gənc Müəllimlər Assosasiyasının idarə heyətinin sədri seçilib.

Gülxanım Orucova göstərilən etimada görə minnətdarlıq edib.

Konfransda Assosiasiyanın fəaliyyət istiqamətlərini əhatə edən tədbirlər planı təsdiq edilib.

Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” filmi nümayiş olunub.

Tədbirin bədii hisəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən "Nağara" ansamblı və "Əlvan çiçəklər" rəqs qrupu mahnı və rəqs nömrələri ilə çıxış ediblər.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: