Naxçıvan Müəllimlər İnstitutunda Müəllimlər Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar.
Sonra İnstitutun rektoru Azad Novruzov müəllim və tələbələri əlamətdar gün münasibətilə təbrik edərək vurğulayıb ki, muxtar respublikamızda müəllim əməyinə həmişə yüksək qiymət verilib. Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti də bu peşəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Hazırda institutda 16 bakalavr, 4 magistr və 5 doktorantura səviyyəsi üzrə pedaqoji kadr hazırlanır.
Rektor qeyd edib ki, 5 oktyabr bu il daha əlamətdardır. 30 ildən sonra ilk dəfə bu bayramı belə yüksək səviyyədə, qürurla qeyd edirik. Çünki müəllimlərin tərbiyə etdiyi, yetişdirdiyi vətənpərvər gənclər Vətənin bütövlüyü uğrunda döyüşə atıldı, qazi adını alaraq və şəhidlik məqamına yüksələrək düşmən tapdağında olan torpaqlarımız geri aldı, şanlı bayrağımızı yenidən Qarabağımızda dalğalandırdı.
İnstitutun tələbəsi Aysel Ağalarova çıxış edərək şərəfli müəllimlik peşəsinə yiyələndikləri üçün xoşbəxt gənclər olduqlarını bildirib, müəllimləri əlamətdar gün münasibətilə təbrik edib.
Tədbirin bədii hissəsində günün mahiyyətini əks etdirən mahnılar ifa olunub, videoçarx nümayiş etdirilib. Tələbələrin ifasında “Əziz müəllim” mahnısı yaddaqalan olub.
Tədbirin sonunda institutun Tələbə Gənclər Təşkilatının müəllimlərə simvolik hədiyyəsi təqdim olunub.
Hafizə Əliyeva