İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Beynəlxalq Müəllimlər Günü münasibətilə müraciət yayıb.
Təşkilatın baş ofisindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olmuş müraciətdə bildirilir ki, müəllimlər İslam aləmində gələcək nəslin təlim-tərbiyəsi kimi nəcib missiyanı yerinə yetirirlər. Məhz onların əməyi sayəsində cəmiyyət yüksək amallarına çatır, ölkələr inkişaf hədəflərinə nail olur.
Müraciətdə bildirilir: “Dördüncü Sənaye İnqilabı dövrü müasir standartlara uyğun və inklüziv təhsili zəruri edir. Bu kontekstdə müəllimlərin kreativ düşüncə və innovativ biliklərə malik olması son dərəcə vacibdir. COVID-19 pandemiyasının təhsil prosesinə mənfi təsirini azaltmaq məqsədilə həyata keçirilən layihə və proqramlarda da müəllimlər fəal rol oynayırlar. Bununla əlaqədar hökumətlər və vətəndaş cəmiyyəti onların imkanlarının artırılması istiqamətində adekvat tədbirlər görməlidir. Eyni zamanda, pandemiyanın yaratdığı yeni reallıq yaxın gələcəkdə rəqəmsal təhsilin tətbiqi məsələsini gündəmə gətirib. Bu səbəbdən, gələcəyin müəllimi tədris prosesinə daha kreativ yanaşmalı, texnologiyanın ən son nailiyyətlərini öyrənməli, proaktiv düşüncəyə malik olmalı, süni intellektdən istifadə etməlidir”.
ICESCO bütün İslam aləminin müəllimlərini əlamətdar gün münasibətilə təbrik edərək vurğulayıb ki, təşkilat qızların və qadınların təhsili məsələsinə daha çox diqqət yetirir. Bu məqsədlə 2021-ci il “Qadın İli” elan edilib, müxtəlif sahələrdə, xüsusən təhsil üzrə proqram və layihələr həyata keçirilir.
Müraciətdə üzv ölkələrin hökumətlərinə təhsildə müasir texnologiyalara və süni intellektə daha çox sərmayə ayırmaq çağırışı yer alıb.