NDU-da şəhid tələbə Orxan Kərimlinin xatirəsinə ağacəkmə aksiyası keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ali təhsil ocağının “Hüquqşünaslıq” ixtisası üzrə II kurs tələbəsi Orxan Kərimlinin əziz xatirəsini əbədliləşdirmək məqsədilə ağacəkmə aksiyası təşkil edilib. “Beynəlxalq münasibətlər və hüquq” fakültəsinin ərazisində təşkil edilən aksiyada fakültənin müəllim və tələbələri iştirak edib.
Qeyd edək ki, Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetində ali təhsil alan Orxan 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olan Orxan Kərimli Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidimiz ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Səadət Əliyeva