İnformasiya - kommunikasiya texnologiyalarının öyrənilməsinə ilk və mühüm töhfə - “Robototexnika” kitabı
Qalib dövlət olaraq ölkəmizdə və onun regionlarında qətiyyətli sosial-iqtisadi inkişaf tədbirləri uğurla davam etməkdədir. Bu, bütün tərəfləri ilə elm və təhsil sahələrinin də qarşılıqlı və tamamlayıcı vəhdətini təmin etməklə, onun yeni dəyərlər əsasında təkmilləşməsini də nəzərdə tutmaqdadır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsaslarını uzaqgörənliklə müəyyən etdiyi ideyalar fonunda elm və təhsil sahəsindəki proseslər daha yeni hədəflər üçün işıqlı yola çevrilib.
Hazırda muxtar respublikamızda da milli iqtisadi inkişafa hədəflənən sənayeləşmə prosesləri yüksələn dinamika ilə davam etməkdədir. Elmə söykənən iqtisadiyyat qarşısında duran ən mühüm məsələ vaxt və məhsul itkisinə yol vermədən əmək məhsuldarlığına imkanlar açacaq istehsal proseslərinin fasiləsiz şəkildə qurulması, təminat qabiliyyətli olması və bütün tərəfləri ilə qənaətçiliyə önəm verilməsindən ibarət olmaqdadır. Yəni, insanların fəaliyyətinin stimullaşdırılması, asanlaşdırılması və səmərəli təşkili mühüm məqsəd olaraq çıxış etməkdədir ki, burada da robototexnikanın rolu və önəmindən bəhs etmək yerinə düşər. Elə təsadüfi deyildir ki, qloballaşan dünya iqtisadiyyatı dayanıqlılığa və antiböhran sahəsindəki yetkinliyə meyillənməklə, eyni zamanda, iqtisadi imkanlar sahəsində alternativliliyə də böyük həcmdə həm xərc nəzərdə tutur, həm də onu reallaşdırır. Bu sahədə, robota dayanan avadanlıqların-robototexnikanın rolu hər addımda özünü göstərməkdədir.
Qeyd etmək olar ki, hər birimiz üçün doğma olan Naxçıvan Dövlət Universiteti yuxarıda göstərilən amillər üzrə daha dolğun, daha perspektivli tədbirlərə imza atmaqla, elmi axtarışların və etibarlı tədris proseslərinin davamlılığını təmin edibdir. Burada dövlətimizin gündəlik qayğı və diqqəti ilə yaradılmış sağlam tədris şəraiti bütün fakültələrin, ixtisasların və tələbələrin şaxələndirilməsini təmin edibdir. Bu isə təbii ki, öz növbəsində həm də yeni nəşrlərin işıq üzü görməsinə imkan yaradıb və ona səmərəlilik gətiribdir. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, Memarlıq və Mühəndis fakültəsinin dekanı, kompüter elmləri üzrə mütəxəssis, professor Cavanşir Zeynalovun müəllifliyi ilə yenicə çap olunmuş “Robototexnikanın əsasları” adlı dərs vəsaiti qarşıdakı dövrlər üzrə tələbələrin kütləvi istinad mənbəyinə çevriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan dərs vəsaitinin universitetimizin yeni texnoloji, innovativ, beynəlxalq əməkdaşlıq və digər bu kimi uğurlarına bir töhfə olaraq əhəmiyyəti böyükdür. 2021-2022-ci tədris ilində istər fakültəmizdə tədris olunan fənlər, istər digər fakültələrdə uyğun ixtisaslar, istərsə də, maraqlı şəxslər üçün olduqca aktual olacaq əsərdə modernləşmə yolunu seçən və bu istiqamətdə yetərincə potensialı olan iqtisadiyyatlar üçün zəruri məsələlər yer alıbdır. Xüsusilə, artıq geridə qalan tədris ilində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin təməlini qoyduğu və tikintisi uğurla davam edən Texnoparkın səmərəli fəaliyyəti üçün də zəruri məsələlər dərs vəsaitin aktuallığını ifadə etməkdədir.
Dərs vəsaiti, 8 fəsildən ibarət olmaqla, 336 səhifə həcmindədir. Orada araşdırmaya cəlb olunan məsələlər:
- robotların yaranma tarixi;
- robototexnikanın əsasları;
- layihələndirmənin əsasları;
- robotların hazırlanması üçün alətlər, materiallar və avadanlıqlar;
- robotexniki konstruksiyaların elementləri;
- robotun idarə olunması;
- robotun naviqasiyası;
- təhsildə ekzotik robotlar başlıqları üzrə fəsillərdə elmi cəhətdən olmaqla əsaslandırılıbdır.
Yüksək elmi və texniki nailiyyətlərin sürətlə davam etdiyi, bununla da, innovasiyalı iqtisadiyyatların sonsuz bir təlabata çevrilmiş olduğu yeni inkişaf mərhələsində robototexnika ilə bağlı olan nəşrlərin tədqiqatlara cəlb olunması mühüm elmi nailiyyətdir. “Robototexnikanın əsasları” adlı dərs vəsaiti müvafiq elmləri, xüsusilə, elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika ilə yanaşı, radio və elektrik mühəndisliyi kimi sahələrin də vəhdəti şəraitində səmərəli şəkildə öyrəniləcək. Digər tərəfdən, strukturlaşma və idarəetmə baxımından da ölkəmizdə robototexnika sahəsində və yüksək texnologiyalaşma proseslərində bu dərs vəsaitinin istifadəsinə ehtiyac olacaqdır.
Əsərin fəsillərində göstərilir ki, tarixi və elmi inkişaf proseslərində robotların yaradılması sahəsində bir sıra cəhdlər olunubdur. Bunlardan biri, Heronun düzəltmiş olduğu avtomatik teatr və orta əsrdə digər yaradıcılıq nümunələri olubdur. Hələ üç əsrdən çox bir müddətdə İsveçrədə ata və oğul Droz bir-birinə oxşar iki, insanabənzər avtomat (Android) düzəldiblər. Bu avtomatlardan birinə 40 işarəli mətni yazmaq, digərinə isə bir neçə portret çəkmək bacarığı öyrədirlər. Hansı ki, həmin avtomatlar hazırda da İsveçrədə “Schöne Künste” (Gözəl sənətlər) muzeyində saxlanılmaqdadır. Dərs vəsaitinin müəllifi Cavanşir müəllim bu fəsildə haqlı olaraq, robotların yaradılmasında bir sıra vacib elmlərin vəhdətini əsaslandırır. Müəllif qeyd edir ki, bu sahə əsasən təbiət elmləri, riyaziyyat, texnologiya və elektronika kimi elmlərin vəhdətinə əsaslanmış bir layihədir. Eyni zamanda, müəllif burada daha çox informasiyalaşmanı və kompüterləşmənin zəruriliyini üstün hesab edir. Məhz bu səbəbdən də göstərir ki, kompüter texnologiyası nə qədər inkişaf edərsə, robot texnologiyası da bir o qədər inkişaf etmiş olacaq. Maraqlı tərəf ondan ibarətdir ki, müəllif robota ən yeni, ən gerçək və ən aksiom tərif verir. Göstərir ki, robot dedikdə, ağla gələn ilk şey insanın mexaniki surətinin yaradılmasıdır.
Təbii ki, robototexnikanın əsaslarının öyrənilməsində qarşılaşdığımız reallıq robotların gördükləri işlərin nədən ibarət olduğunun müəyyənləşdirilməsindən ibarətdir. Bununla bağlı olaraq dərs vəsaitində əsaslandırılır ki, robotlar insanlar üçün təhlükəli sayıla biləcək yerlərdə, məsələn, kosmosda, mədənlərdə və suyun altında müxtəlif proseslərin icrasında istifadə oluna bilərlər. Əsərdə robotların daha çox təhlükəsiz iş şəraitinin təmin olunması məqsədilə istifadə olunması məqamına da toxunulur. Yəni radioaktiv maddələrin, zərərli kimyəvi birləşmələrin və insan sağlamlığı üçün təhlükə yaradan xəstəliklərə səbəb olan bakteriyaların olduğu yerlərdə də faydalı ola bilər.
Yeni dərs vəsaitinin işıq üzü görməsi elmə dayanan inkişafın hazırki mərhələsində iqtisadi prioritetlərin əlçatanlığının təmin olunmasında və reallaşmasında mühüm əhəmiyyətə malik olacaq. İstehsal və xidmət sektorlarında məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, məkanından asılı olmayaraq, istənilən ərazi hüdudları üçün ciddi təlabat formalaşan və bununla da, günümüzün fəal iştirakçısına çevilən robotlar özündə sensor, idarəetmə sistemi, çeviklik və avtonomluq əks etdirən və bununla da, mexatron qurğu olan “canlı”dır. Çünki, o, mədənlərdə, kosmosda, dənizlərdə, əlaçatması çətin olan müxtəlif sahələrdə mürəkkəb işlər görür, təbii sərvətlər hasil edir və komplekt hissələri avtomobillərə quraşdırır. Dərs vəsaitinin müəllifi professor Cavanşir Zeynalov robotlar vasitəsilə alınan nəticələrə daha pozitiv yanaşır və belə bir qənaətə gəlir ki, yaxın gələcəkdə daha da təkmilləşdirilmiş avtomatik idarə olunan avtomobillər, ev işlərinin görülməsi və müəyyən tələblər üzrə ixtisaslaşmış avadanlığın yığılması məqsədilə robototexnik qurğular yaradılacaqdır.
Dərs vəsaitində robotlarla işlərin daha intensiv xarakterə malik olmaqla reallaşmasına yer verilir və:
- sənaye robotları;
- tökmə robotlar;
- mexaniki emal robotları;
- quraşdırıcı (montaj) robotlar;
- boyayıcı robotlar;
- inşaat robotları;
- çeşidləyici –qablaşdırıcı robotlar;
- nəqliyyat robotları;
- kənd təsərrüfatı robotları;
- məişət robotları olaraq təsnifləşdirilir.
Ölkələrin müdafiə sənayesinin inkişafında və etibarlı təhlikəsizlyinin təmin olunmasında daha sıx istifadə olunan hava PUA-ları (Pilotsuz Uçan Aparat) da dərs vəsaitində əsaslandırılıb. Bu anlayışın, müşahidə və kəşfiyyat, düşmənə endirilən zərbələrin koordinasiyası, öz ətrafında simsiz rabitə şəbəkələrinin yaradılması kimi hava missiyalarının icra olunması üçün nəzərdə tutulduğu göstərilibdir. Robototexnikanın inkişafında mexanika üzrə biliklərin öyrənilməsi zəruriliyi ilə seçilir. Həmin biliklər bir çox fiziki hadisələri dərk etmək məqsədilə öyrənilir. Bunlar əsasən konstruksiyada tətbiq olunan müxtəlif hissələr arasında gücün necə paylanılmasını əsas götürür. Həmçinin ağırlıq mərkəzinin harada yerləşməsi də diqqət tələb edir. Proseslərin gedişində sürtünmə, yerləşmə, sürət, cismin təcili və s. kimi amillər zəruri hesab olunur. Robototexnika öyrənilərkən Nyutonun qanunları, ətalət (inersiya) materialların xassəsindən ibarət olan məsələlər daha qabarıq ortaya çıxır.
Oxucu əsərdə robototexnika ilə bağlı olan prosesləri ardıcıl, qarşılıqlı əlaqədə, biri-birinin əhəmiyyətini üzə çıxarmaqla öyrənir. Dərs vəsaitində layihələndirmənin əsas prinsiplərinə nəzər yetirilib, avtomatlaşdırılmış layihələndirmə sistemlərinə baxılıb, onun təminat növləri aydınlaşdırılıb, bu sistemdə modelləşdirmə vasitələri göstərilibdir. Orada additiv istehsal texnologiyasının mahiyyəti izah olunub, mexaniki və elektrik alətlər haqqında bəhs olunub, elektron komponentlərin təsiri öyrənilibdir. Müasir dövrümüzlə aktuallığını artıran məsələ olaraq, robotların qidalanma sistemləri, bu sahədə icraçı qurğular haqqında təqdimat verilib, sensor sistemləri, yerləşdirmə sensorları barədə məlumatlar yer alıbdır.
Orada, həmçinin, robototexnik sistemlərin idarə olunması tipləri, onun idarə olunmasının arxitekturası əsaslandırılıbdır. Əhatəli şəkillərə əsaslanan dərs vəsaitində avtonom və yarımavtonom robotların izahı verilməklə, idarəetmənin kabel, infraqırmızı pult, radio, bluetooth, wifi, mobil telefon vasitəsilə təşəkkül tapan formalarına işıq salınıbdır. Dərs vəsaitinin mövzuları içərisində naviqasiyanın təmin olunma sistemi, robotun hərəkətinin təşkil olunma üsulları, intellektual robotun idarəetmə sisteminin xüsusiyyətləri barəsində geniş təqdimat verilir. Eyni zamanda, təhsildə ekzotik robotlar, süni neyronlar və neyron şəbəkələr, sadə analoq robotun hazırlanması və digər zəruri amillər yer alıbdır.
Dərs vəsaitində təqdim olunmuş mövzular şəkillər, düsturlar, sxemlər və digər üsul, metod və digər vasitələrlə izah olunubdur. Hər bölmənin sonunda yoxlama sualları verilib və tələbələrin (oxucunun) mənimsəmə bacarıqlarının təkmilləşdirilməsi nəzərə alınıbdır.
Beləliklə, yeni işıq üzü görən “Robototexnikanın əsasları” adlı dərs vəsaiti günümüzün və universitetimizin olduqca mühüm inkişaf mərhələsində işıq üzü görüb. Əsər uyğun fənlərin və ümumilikdə iqtisadiyyatın sahə strukturu üzrə bütün istiqamətlərin informasiya təminatı, avtomatlaşdırılması, dinamikliyi, çevikliyi və perspektivliliyinin təmin olunması baxımından həm axtarılandır, həmçinin özünün dolğunluğu ilə əlçatandır. Məhz bu keyfiyyətlər baxımından əmin olmaq olar ki, dərs vəsaiti kütləvi təqdidatçıların istinad etmiş olduqları mənbə olmaqla, oxucunun maraqlandığı suallara əhatəli cavab olacaqdır.
Məftun Əliyev
Naxçıvan Dövlət Universitetinin dosenti