“Naxçıvan” Universitetində “Robototexnika və STEAM kabinəsi” yaradılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, açılış tədbirində “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva müasir təhsildə mütəxəssis hazırlığının əsas istiqamət kimi götürüldüyü STEAM metodlarının Naxçıvan şəhərində tətbiqindən danışıb. Rektor bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə start verilib. Bu məqsədlə STEAM kabinələri yaradılıb, müəllimlər STEAM təlimlərinə cəlb olunub. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə bu gün “Naxçıvan” Universitetində də “Robototexnika və STEAM kabinəsi” yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə yanaşı sabahın müəllimlərinin də ali təhsil pilləsində kurikulum vasitəsi ilə STEAM mövzularına yaxşı yiyələnmələrinin zəruriliyini vurğulayıb. Bildirilib ki, “Naxçıvan” Universitetində STEAM təhsil metodu üçün hər cür imkanlara malik kabinənin yaradılması olduqca əhəmiyyətlidir. Çünki universitetdə “Robototexnika və STEAM kabinəsi”nin yaradılması pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin məktəblərdə tətbiq olunan STEAM təlim metoduna əvvəlcədən yiyələnmələrinə mühüm töhfələr verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Naxçıvan” Universitetinə STEAM dərslərinin tədrisi üçün 1 ədəd xətt izləyən robot, 1 ədəd eketron dövriyə dəsti, 1 ədəd arduino, 5 ədəd 3D çap materialı, metodik vəsaitlər, dərslik və proqramlar hədiyyə edilib.
Sonda tələbələr tərəfindən hazırlanmış STEAM layihələrin təqdimatı olub.