Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən müsahibə mərhələsində 40 nəfər müvəffəqiyyət qazanıb
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsahibə mərhələsində iştirak etmək üçün 259 namizəd qeydiyyatdan keçib, həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 6 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub.
207 namizəd və ya 143 nəfərin iştirak etdiyi müsahibənin nəticələrinə əsasən 40 nəfər bu mərhələdə müvəffəqiyyət qazanıb. Onlardan 24-nün sənədi təyin olunmaq üçün aidiyyatı orqanlara göndərilib və hər biri müvafiq vəzifələrə təyin olunub. 10 nəfər isə dövlət qulluğu vəzifələri üzrə ehtiyat kadrlar siyahısına salınıb.
Müsahibə qrupunun tərkibinə müstəqil ekspertlər, Mərkəzin və dövlət orqanlarının nümayəndələri iştirak edib.
Qeyd edək ki, 18 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 59 vakant vəzifənin tutulması üçün 729 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 662 namizəddən 285-i müvafiq keçid balını toplayıb. Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün 13 namizəd müraciət edib. Esse imtahanında iştirak edən 12 namizəddən 8-i keçid balını toplayıb.