Ümumi orta və tam orta təhsil bazaları üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclər) əlavə yerləşdirmədə uğur qazanan abituriyentlərin elektron qeydiyyatı davam edir.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesi oktyabrın 12-si saat 23:59 tarixinədək davam edəcək və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Qeydiyyat üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.