“Naxçıvan” Universitetində “Peşəkar bələdçi” təlimi keçirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Turizm Departamentinin birgə təşkilatçılığı ilə təşkil olunan təlimin bu gün ilk modul iclası keçirilib.
Universitetin rektoru, dosent Nurlana Əliyeva “İqtisadiyyat” fakültəsinin “Turizm işinin təşkili” və “Turizm və otelçilik” ixtisaslarında təhsil alan tələbələrinin iştirakı ilə keçirilən təlimin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, məqsəd bu sahədə qazanılan nəzəri bilikləri təcrübədə həyata keçirməklə tələbələri peşəkar kadr kimi yetişdirməkdir.
İclasda Naxçıvanın artıq dünya turistləri üçün cəlbedici məkana çevrildiyi diqqətə çatdırılıb. Bildirilib ki, qədim diyara gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Ekskursiya xidməti turistlərə təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsidir. Ekskursiya xidmətinin keyfiyyəti bu gün ilk növbədə bu sahədə çalışan mütəxəssislərin ixtisas səviyyəsi, peşə bilikləri, təcrübəsi, təşkilatçılıq bacarığı ilə müəyyən edilir.
Sonda müzakirə edilən mövzularla bağlı tələbələrin sualları cavablandırılıb.
Aynur Əliyeva