Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzində “Kardiologiyanın aktual və müasir problemləri” mövzusunda dəyirmi masa təşkil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kardiologiyanın müasir problemlərindən danışan baş həkim Ramin Hacıyev ən son tibbi cihazlarla təmin olunan mərkəzdə həyata keçirilən yeni müayinə və müalicə üsulları barədə tədbir iştirakçılarını məlumatlandırıb.
“Ümumi təbabət və kliniki fənlər” kafedrasının dosenti Gültəkin Əliyevanın “Klimakterik yaşlı qadınlarda yaranan kardioloji problemlərin son müalicə metodları”, kafedranın baş müəllimi, Kardioloji Mərkəzin həkimi Süleyman Cəfərovun kardiologiyanın son zamanlar diaqnostik cəhətdən inkişafı və mərkəzdə yaradılan şərait haqda çıxışları dinlənilib.
Qarşılıqlı müzakirə ilə keçən dəyirmi masada tədbir iştirakçılarının sualları cavablandırılıb.
Fəxriyyə Səyyadova