Orta əsrlərdə İslam dünyasında riyaziyyat yüksək inkişaf dərəcəsinə çatmışdı. Evklid həndəsəsi və qeyri-Evklid həndəsəsinə yol açan paralellik postulatı, triqonometriya, cəbri tənliklərin (xüsusilə kvadrat və kub tənliklərin) həlli, sferik həndəsə və riyaziyyatın astronomiyaya tətbiqi, onluq kəsrlərin kəşfi, funksiya və limit anlayışlarının inkişafı Yaxın Şərqdə vüsət tapmışdı. XIV əsrdən başlayaraq İslam dünyasında, o cümlədən Azərbaycanda riyaziyyat sahəsində kəşf və tədqiqatlar zəiflədi. Azərbaycanda yüksək ixtisaslı riyaziyyatçıların yetişməsi yalnız sovet dövrünün 30-cu illərində özünü göstərməyə başladı. Mikayıl Xıdırzadə, İbrahim İbrahimov, Zahid Xəlilov, Əşrəf Hüseynov sovet riyaziyyat məktəbinin yetişdirdiyi ilk riyaziyyatçılar oldular. 50-ci illərdə Azərbaycan riyaziyyatçıları kəmiyyət və keyfiyyətcə artmağa başladılar. 70-ci illərdən başlayaraq Azərbaycanda riyaziyyatın geniş vüsət tapdığı, riyazi mədəniyyətin inkişaf etdiyi bir dövr hesab olunur. Məcid Rəsulov, Maqsud Cavadov, Qoşqar Əhmədov, Yəhya Məmmədov, Fəraməz Maqsudov, Cəlal Allahverdiyev, Mirabbas Qasımov, Arif Babayev, Sasun Yaqubov, Hamlet İsayev, Abbas Əzimov, Fərhad Hüseynov, Hüseyn Hüseynov, Arif Səlimov, Oqtay Vəliyev, Rəşid Məmmədov və başqa Azərbaycan riyaziyyatçıları Sovet İttifaqında və qərbdə qiymətləndirilən elmi nəticələr əldə etdilər.
Azərbaycanlı riyaziyyatçılar içərisində tanınmış, böyük nailiyyətlər əldə etmiş, Naxçıvanda dünyaya gəlmiş məşhur riyaziyyatçılar da vardır. Yəhya Məmmədov, Fəraməz Maqsudov, Rüstəm Sultanov, Zahid Seyidov, Vaqif İbrahimov, Soltan Əliyev və başqalarını qeyd etmək olar.
Tanınmış ictimai xadim, professor Yəhya Məmmədov qeyri-xətti analiz və hesablama riyaziyyatı sahəsində dünyada tanınmış görkəmli alimlərdən biridir. Məmmədov Yəhya Cəfər oğlu 1930-cu il oktyabr ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirərək aspiranturada elmi fəaliyyətini davam etdirmişdir. Yəhya Məmmədov 1957-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmiş, universitetdə müəllim, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. O, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Həmin ildə ADU-nun hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsinə seçilmiş və bu vəzifəni uğurla icra etmişdir. Qeyd etmək olar ki, görkəmli alim Y.Məmmədovun rəhbərlik etdiyi dövrdə hesablama riyaziyyatı kafedrası dünyanın qabaqcıl universitetləri ilə sıx əlaqələr qurmuşdur. Bu illərdə hesablama riyaziyyatı bir elm sahəsi kimi çox inkişaf etmişdir.
Yəhya Məmmədov 1971-1987-ci illərdə ADU-nun elmi işlər üzrə prorektoru kimi fəaliyyət göstərmişdir. O, prorektor kimi 17 illik gərgin fəaliyyəti ərzində Azərbaycan Dövlət Universitetində bir çox elmi tədqiqat laboratoriyalarının yaradılmasına, elmi tədqiqatların inkişafına, onların səmərəliliyinin artırılmasına, elmin istehsalat və tədris prosesi ilə əlaqələrinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərmişdir.
Yəhya Məmmədov 1987-1989-cu illərdə BDU-nun rektoru olub. O, elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə çıxarıb isbatlamağa, əldə etdiyi faydalı nəticələri praktik surətdə gerçəkləşdirməyə çalışmışdır.
Yəhya Məmmədovun elmi fəaliyyəti qeyri-xətti analiz və hesablama riyaziyyatı ilə sıx bağlı olmuşdur. O, dünyanın müxtəlif ölkələrində çap olunmuş 100-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin müəllifidir. Görkəmli tədqiqatçı riyaziyyat aləmində sağ tərəfi birtərəfli qiymətləndirməyə tabe olan, qeyri-xətti operator-diferensial tənliklərin həllinin tədqiqi üsulunun, eləcə də abstrakt qeyri-xətti Volter operator tənliklər nəzəriyyəsinin yaradıcılarından biridir. O, 1974-cü ildə nəşr etdirdiyi "Adi diferensial tənliklərin təqribi həllərinin tapılması üsulları" adlı monoqrafiyasına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Professor Yəhya Məmmədov müəyyən sinif tənliklərin, həlli sürətlə yığılan iterasiyalar şəklində axtarılan ekvivalent tənliklərə gətirilməsi üçün yeni üsul təklif etmişdir. Bu üsul riyazi elmi ədəbiyyatda "Məmmədov üsulu" adlandırılır. O, Urison tipli qeyri-xətti inteqral tənliklərin müsbət həllərinin xassələrini, Hilbert fəzasında hiperbolik tip qeyri-xətti tənliklərin həllərinin xassələrini, çoxölçülü inteqral tənliklər üçün Volter tipli bərabərsizlikləri, birinci və ikinci tərtib qeyri-məhdud əmsallı operator diferensial tənliklər üçün Koşi məsələsini, diferensial və inteqral bərabərsizliklərin tətbiqlərini, Nyuton-Kontoroviç üsulunun operator-diferensial tənliklər sisteminin təqribi həll olunmasına tətbiqini, qeyri-xətti elliptik tənliklər üçün qarışıq sərhəd məsələsinin həllinə şəbəkə üsulunun tətbiqlərini, Banax fəzalarında qeyri-məhdud operator əmsallı diferensial tənliklərin asimptotik dayanıqlığını, diferensial tənliklərin həlləri üçün müəyyən iterasiya proseslərinin yığılmasını, gecikən arqumentli qeyri-xətti tənliklərin həlli üsullarını, Banax fəzalarında adi diferensial tənliklər üçün ardıcıl yaxınlaşma üsullarını, təkmilləşdirilmiş kvazi-xətti Lavrentyev-Biçadze tənlikləri üçün sərhəd məsələsinin fərq üsulu ilə həllini və s. tədqiq edərək mühüm nəticələr əldə etmişdir.
Professor Yəhya Məmmədovun rəhbərliyi altında Azərbaycandan başqa, dünyanın 9 ölkəsindən (Almanya, Əlcəzair, İraq, Misir, Polşa, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistan) 32 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda onlardan 8-i elmlər doktoru və professordur. Görkəmli alim keçmiş sovetlər birliyinin bir çox şəhərlərində 60-dan çox namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmişdir. O, dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq konqres və konfranslarda Azərbaycan riyaziyyat məktəbini ləyaqətlə təmsil etmiş, keçmiş SSRİ Ali Təhsil Nazirliyinin nəzdindəki Elmi Metodik Şuranın Riyaziyyat bölməsi rəyasət heyətinin üzvü olmuşdur. Professor Yəhya Məmmədov bir çox nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən, "Akademik Vavilov" medalına, "Дружба народов (Drujba narodov)" ordeninə layiq görülmüş, ABŞ-ın Minneapolis şəhərinin "Fəxri vətəndaşı" seçilmişdir. Böyük xidmətlərinə görə 1980-cı ildə ona "Əməkdar elm xadimi" fəxri adı verilmiş, 1983-cü ildə isə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Azərbaycan riyaziyyat elminin inkişafında böyük xidmətləri olmuş professor Yəhya Məmmədov 2000-ci il yanvarın 26-da ömrünün çiçəklənən dövründə dünyasını dəyişməsinə baxmayaraq görkəmli alim, yüksək mənəvi keyfiyyətlərə malik insan, elm və təhsil təşkilatçısı kimi tanıyanların qəlbində bu gün də yaşayır və yaşayacaqdır.
Nazilə Muradova
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent