Vikinqlərin Amerikada yaşamasına dair qədim dəlillər tapılıb

A- A A+

Kanadanın Nyufaundlend adasında arxeoloji qazıntılar zamanı vikinqlər məskənində aşkarlanan ağac parçasının radiokarbon tarixləşdirmə üsulu ilə tədqiqi göstərib ki, normanlar bu əraziyə eramızın 1021-ci ilindən gec olmayaraq gəlmişlər. Bu, avropalıların Amerikada mövcudluğunun ən qədim sənədli təsdiqidir. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.

Alimlər vikinqlərin Amerika qitəsinin sahillərinə Kolumbdan xeyli əvvəl gəlməsini bilirdilər, lakin Şimali Amerikanın normanlar tərəfindən məskunlaşmasının dəqiq tarixi indiyə qədər məlum deyildi.

NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, Qroningen Universitetindən Maykl Dinin rəhbərliyi ilə Kanada, Almaniya və Niderlanddan bir qrup arxeoloq L'Ans-o-Medouz vikinqlər məskənində tapılmış taxta artefaktları analiz edib. Biogeoxronoloji marker – bizim eranın 992-ci ilində baş vermiş günəş qasırğasının izotop izi dəqiq yaşı müəyyənləşdirməyə imkan yaradıb. Oduncağın üç ədəd emal edilmiş parçasının hər birində bu əlamət kənardan 29 yaş halqası məsafəsində olub.

Qroningen Universitetindən Marqo Kuytemsin sözlərinə görə, günəş qasırğasına dair əlamətin aşkarlanması alimlərdə həmin ağacın 1021-ci ildə kəsildiyi qənaətini doğurub.

Oduncağın parçalarının hər birində tədqiqatçılar metal alətlə emal izini aşkarlayıblar ki, həmin dövrdə yerli əhalidə olmayıb. Alimlərin fikrincə, bu, ərazidə vikinqlərin olmasının izidir. L'Ans-o-Medouzda məskunlaşmış vikinqlər oraya 987-ci ildə Kürən Erikin norman koloniyalarının əsasını qoyduğu qonşu Qrenlandiyadan gəlmişlər.

Alimlər yazırlar ki, onlar vikinqlərin Amerikaya gəlmə tarixini ilk olaraq müəyyən ediblər. Lakin normanların Amerikaya ekspedisiyalarının sayı və Atlantik okeanın qərb sahillərində qalma müddəti hələ ki məlum deyil. Bütün arxeoloji məlumatlar bu səfərlərin qısamüddətli olduğunu göstərir. Arxeoloqlar vikinqlərlə yerli tayfalar arasında hər hansı təması təsdiq edən heç nə tapmayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: