Heydər Əliyev adına orta məktəbdə STEAM tədrisinə aid interaktiv dərs keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzindən “TinkerCad proqramı ilə 3D modelləşmə” mövzusunda ilk interaktiv dərs keçirilib. İnteraktiv dərsə muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 50-dən çox təhsil müəssisəsi qoşulub.
6-cı və 7-ci siniflərində təhsil alan şagirdlər üçün təşkil olunan interaktiv dərsin keçirilməsində məqsəd şagirdlərin innovativ təhsil metoduna dair biliklərinin inkişaf etdirilməsidir.
Təhsil nazirliyinin təlimçisi Ceyran Məmmədova tərəfindən keçirilən interaktiv dərsdə “TinkerCad” proqramı vasitəsilə prototip qurğuların layihələrinin hazırlanması,proqramdan istifadədə mühəndislik və dizaynerlik bacarıqlarının rolu barədə məlumat verilib. Həmçinin modellərin hazırlanması,proqramlaşdırma və simulyasiya vasitəsi ilə elektron qurğular üzərində işləməyin yolları izah edilib.3D obyektləri yaratmaq üçün kod sətirlərinin tətbiqi yolları şagirdlərə praktik öyrədilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamının icrası ilə bağlı muxtar respublikanın 50-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılıb.
Adilə Səfərova