Alimlər Kainatda ilk qalaktikaların necə yarandığını izah ediblər

A- A A+

Bizə daha yaxın yerləşən ən kiçik və tutqun qalaktikaların yeni təsvirləri astronomlara Kainatın erkən strukturunda ilk ulduz və qalaktikaların yaranma ssenarisini bərpa etməyə imkan verib. Tədqiqatın nəticələri “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc edilib. Onilliklər ərzində astronomların cavab verməyə cəhd etdikləri maraqlı suallardan biri ilk qalaktikaların necə və nə zaman yaranması ilə bağlıdır.

NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, fərziyyələrdən birinə görə, ilkin qalaktikalarda ulduzların formalaşması dayanıqlı tempdə başlayaraq, tədricən daha böyük və massiv sistem yaradıb. Digər fərziyyəyə görə, bu yaranma qovuşmuş və güclənmiş qaz akkresiyası kimi hadisələrin yaratdığı qısamüddətli ulduz əmələgəlmə partlayışları ilə daha şiddətli, lakin arası kəsilən şəkildə baş verib.

Britaniya və İspaniya astronomları Kainatın yaxınlığında sərhəd sahələri adlanan hissədə ən kiçik və zəif qalaktikaları üzə çıxarmaq üçün “Hubble” və Böyük Kanar teleskoplarının məlumatlarından istifadə ediblər.

İspaniya Astrobiologiya Mərkəzindən Pablo Peres-Qonsalesin sözlərinə görə, qalaktikaların yaranmasını avtomobillə müqayisə etmək olar. İlk qalaktikalar yeni ulduzları sürəti xüsusi artırmadan yavaş-yavaş, lakin davamlı olaraq yerləşdirən və uzun müddət ərzində qazı aramla nisbətən kiçik ulduzlara çevirən - ulduz əmələgəlmə prosesinin “dizel” mühərrikinə malik ola bilərdi. Yaxud da yaranma prosesi kəskin ola bilərdi; qeyri-adi dərəcədə böyük, qalaktikanı dağıdan, onun fəaliyyətini bir müddət və ya həmişəlik dayandıran nəhəng ulduz əmələgəlməsi ilə müşayiət oluna bilərdi. Hər bir ssenari müxtəlif proseslərlə, o cümlədən qalaktikaların qovuşması və ya ifrat massiv qara dəliklərin təsiri ilə bağlıdır.

Tədqiqatçılar kiçik qalaktikaların tədqiqi üçün “Hubble” və Böyük Kanar teleskoplarının gücünü “təbii teleskoplar” - qravitasiya linzaları ilə birləşdiriblər.

Mançester Universitetinin professoru Kris Konselisin sözlərinə görə, bəzi qalaktikalar topa adlandırılan böyük qruplar halında mövcuddur. Onlar ulduz, qaz və tutqun materiyadan ibarətdir və çox böyük kütləyə malikdir. Kütlə o qədər böyük olur ki, fəza-zamanı əyir və onlar təbii teleskop kimi fəaliyyət göstərir. Onlar qravitasiya linzaları adlandırılır və alimlərə parlaqlığı artmış və daha yüksək məkan həlli olan uzaq və zəif qalaktikaları görməyə imkan yaradır.

Tədqiqat göstərib ki, qalaktikaların yaranması fəallığın fasilə verməsi və püskürməsi ilə müşayiət edilir, sonra sakitlik olur, yəni çox güman ki ikinci fərziyyə doğrudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: