Dünya sivilizasiya mərkəzlərindən olan Naxçıvan tarixi, mədəniyyəti və təbii zənginlikləri ilə həmişə diqqəti cəlb edib.
Geosiyasi mövqeyi, əlverişli yerdə yerləşməsi, bərəkətli torpaqları, zəngin yeraltı və yerüstü sərvətləri insanların 500 min il bundan əvvəl burada məskunlaşmasına şərait yaradıb. İnsanlar daş dövründən başlayaraq bu ərazidə yaşamış və təbii zənginliklərindən istifadə etməyi öyrəniblər.
Naxçıvanın təbii sərvətləri sırasında duz xüsusi yer tutur.Naxçıvan şəhərinin formalaşması birbaşa bu nemətin rolu olduğu danılmaz faktdır. Bu günlərdə istifadəyə verilən Duz muzeyi təkcə tanrı möcüzəsi olan bu sərvətə ehtiram deyil, həm də Naxçıvan tarixinin mühüm bir dövrünə salınan işıqdır. Bununla bağlı Azərbaycan Milli Elmər Akademiyasının Naxçıvan bölməsinin sədri, Akademik İsmayıl Hacıyevlə həmsöhbət olduq.
NUHÇIXAN həmin müsahibəni təqdim edir.
-Xoş gördük. İsmayıl müəllim, tarixi qaynaqlarda Naxçıvanın Nuh peyğəmbərin vətəni olması ilə bağlı hansı məlumatlar və bilgilər var?
-Çox sağ olun. Qeyd edim ki, tarixdə ilk dəfə olaraq yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırladıb. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən buraya səfər edən səyyah və coğrafiyaşünasların əsərlərində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılıb.
Rus tədqiqatçısı Konstantin Nikitin 1882-ci ildə Tiflisdə nəşr olunmuş “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı məqaləsində Nuh peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması və şəhər əhalisinə duz çıxartmağı öyrətməsi barədə məlumat verərək yazıb: “Tufandan sonra Nuh hazırda Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. O, öz ailəsi ilə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir”.
-Məlumdur ki, elmi tədqiqat baxımından keçmiş SSRİ-nin vaxtında bu cür məsələlər arxa plana keçirilirdi. Amma müstəqillik illərində bu məsələlər geniş şəkildə təbliğ olunmağa başladı. Bununla bağlı hansı işlər görüldü?
-Ölkəmiz ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra muxtar respublikamızın da hərtərəfli öyrənilməsinə və inkişaf etdirilməsinə diqqət artırıldı. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi və simpoziumun qərarları Naxçıvan tarixinin öyrənilməsində əhəmiyyətli addım oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun fəaliyyətinin ilk dövründə bu tədbirin keçirilməsi ilə bağlı qərar verməsi və ona rəhbərlik etməyi muxtar respublikamızın tarixinə, müasir dövrünə və gələcəyinə verilən mühüm dəyərin ifadəsi idi. Sonrakı illərdə Ali Məclis Sədrinin sərəncamları ilə keçirilən “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və başqa beynəlxalq konfranslar Naxçıvan diyarının tarixinin, mədəniyyətinin, təbii zənginliklərinin öyrənilməsində də mühüm rol oynadı.
-İsmayıl müəllim, bəs konkret olaraq Duzdağla bağlı hansı işlər görüldü?
-Muxtar respublikanın digər ərazilərində olduğu kimi Duzdağda da aparılan beynəlxalq arxeoloji ekspedisiya zamanı xeyli sayda maddi-mədəniyyət nümunələri aşkar edildi. Mühüm elmi nəticələr əldə olundu. Tədiqiqatların nəticəsi olaraq 1 monoqrafiya, 9 kitab, 80-ə yaxın elmi məqalə nəşr edildi. Tədqiqatlar zamanı müəyyənləşib ki, Naxçıvan Duzdağından e.ə. V əsrdən mədən üsulu ilə duz çıxarılıbdır. Bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir.
- Duzdağda çıxarılan duz yalnız qida üçün istifadə edilirdi, yoxsa digər sahələrə də təsir etdi?
-Əlbəttə, duzun çıxarılması müəyyən əmək alətlərinin hazırlanmasını tələb edir. Bu isə sənətkarlığın inkişafına səbəb oldu. Duz istehsalının ən böyük təsirlərindən biri də mübadilənin, duz ticarətinin əsaslı inkişafına təsir etməsidir. Duzun artıq istehsalı duz ticarətinə səbəb oldu.Bütün bunlar Naxçıvanda ilkin şəhər mədəniyyəti formalaşdıran amilə çevrildi. Mühüm olan da odur ki, Naxçıvanın tarixində duzun oynadığı mühüm rolu nəzərə alaraq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi tədqiqatlar və arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi yaradıldı. Naxçıvan Duz Muzeyinin yaradılması xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının ifadəsidir. Naxçıvan tarixinin tədqiqinə və təbliğinə göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın ziyalıları və elmi ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildiririk.
- Çox sağ olun, İsmayıl müəllim. Biz də inanırıq ki, Duz Muzeyi Naxçıvanın zəngin irsini özündə təbliğ edən mühüm bir mədəniyyət obyektinə çevriləcək. Təkcə əcnəbi turistlərin marağına səbəb olmayacaq. Həmçinin , Naxçıvan duzu ilə bağlı arxeologi qazıntıların aparılması, Duzdağ mədəniyyəti ilə bağlı beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi, Naxçıvan şəhərinin yaranmasında duzun əhəmiyyəti ilə əlaqəli tədqiqatlara da təkan verəcək.
Səməd Canbaxşiyev
NTV Xəbər