Çoxəsrlik tarixə malik olan Naxçıvanımız yaradıcı qələm sahiblərinin, jurnalistlərin ideyalarının işığında… - Söz tələbə jurnalistlərindir

A- A A+

Odlar yurdu Azərbaycanımızın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvan coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri ilə turizmin inkişafı üçün əlverişli şərait yaradır. Bu diyarda, yurdumuza əsrlərin, qərinələrin yadigarı olan yüzlərlə təbiət və tarixi abidələr – Möminə xatın, Qarabağlar, Yusif İbn Küseyir, Gülüstan türbələri, bir-birindən zəngin, yaşı minilliklərə dayanan Gəmiqaya, Kilit mağarası, Əlincə qalası, Əshabi- Kəhf, gözoxşayan gözəlliyi ilə təbiətin bütün əlvan çalarlarını özündə əks etdirən Batabat yaylağı, Göygöl, Ağbulaq, Duzdağ və bunun kimi təbiət möcüzələri cəmləşərək analoqu olmayan turizm potensialını özündə yaşadır. Sözügedən təbiət gözəllikləri yurdumuzun hüdudlarından kənarda da minlərlə turistə məhz Naxçıvanın bu füsunkarlığını görmək üçün qucaq açır. Bunun nəticəsidir ki, dövlətimiz tərəfindən turizm sektorunun inkişafı istiqamətində bir sıra uğurlu layihələr icra edilməkdədir. Elə ötən günlər ərzində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşkilatçılığı ilə turizmin inkişafı istiqamətində muxtar respublikamıza 48 nəfər media nümayəndəsinin iştirak etdiyi media-turun təşkil edilməsi qeyd olunan uğurlu layihələrin davamıdır. Media-turun əsas məqsədi diyarımızın turizm potensialını qələm sahiblərinin, media nümayəndələrinin gözü ilə Kütləvi İnformasiya Vasitələrində işıqlandırmaq və geniş bir ictimaiyyətə çatdırmaqdır. Bu minvalla biz də layihə çərçivəsində qonaqlarla birlikdə olub, onların diyarımızla bağlı zəngin təəssüratlarını öyrəndik.

İlk həmsöhbətimiz "Baku" İnternet Televiziyasının operatoru Elgün Hümbətov oldu. Müsahibim iki gün ərzində proqram çərçivəsində muxtar respublikamızda üz tutduqları yerlər haqqında məlumat verərək dedi ki, Naxçıvan, həqiqətən, zəngin coğrafi mühiti, füsunkar təbiəti ilə bura üz tutan hər bir kəsi özünə heyran qoyur: “İlk dəfədir səfər etməyimə baxmayaraq, heç bir yadlıq və özgəlik hiss etmirəm. Düşünürəm ki, insanların istiqanlı olması, qonaqpərvərliyi bizdə bu cür müsbət təəssüratlar yaradır. Hətta dünən biz asudə vaxtımızda fürsət tapıb şəhəri gəzərkən, insanlara yaxınlaşıb ünvan soruşduqda az qalırlar ki, bizimlə birlikdə gedəcəyimiz yerə qədər bələdçilik də etsinlər. Həqiqətən, bu vaxtacan Naxçıvan haqqında eşitdiyim gözəl fikirlərin əyani sübutunu burada olduğum iki gün müddətində daha yaxından gördüm, şahid oldum”.

"Yeni Müsavat" qəzetinin jurnalisti Xalidə Gəray: “Çoxəsrlik tarixə malik olan Naxçıvan yaradıcı insanların, o cümlədən turistlərin marağında olan ideal məkandır. Bu diyar uzun illər suni maneələrin, siyasi buxovların təsiri altında qalmasına baxmayaraq, böyük bir inkişaf yolu qət edərək bu gün özünün ən uğurlu inkişaf dövrünü yaşayır. İnanıram ki, zəngin mətbəx təamları, füsunkar gözəlliyi, səmimiyyəti və qonaqpərvərliyi ilə yaddaşımda həmişəlik qalacaq Naxçıvan, mənim kimi bir çox jurnalist həmkarlarımın qələminə həqiqət ilhamı, yaradıcılıq həvəsi verəcək. Mütləq buradan qayıtdıqdan sonra öz yaradıcılığımızda da bu gözəllikləri əks etdirməyə, işıqlandırmağa çalışacağıq”.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Gülnar Mustafayevanın dediklərindən: “Bildiyimiz kimi, Azərbaycan Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamenti ilə birgə turizmin inkişafı istiqamətində 2020-2023-cü illəri əhatə edən xüsusi bir proqram hazırlanıb və bu proqram çərçivəsində təşkil edilən media-tur vasitəsilə ölkəmizin media nümayəndələri, jurnalistlər bu dəfə Naxçıvana səfər edib. Qeyd etmək yerinə düşər ki, burada olduğumuz bu iki gün bizim üçün böyük önəm daşıdı. Bir jurnalist nöqteyi-nəzərindən mövzuya yanaşsaq, həm bir qonaq kimi burada olan turizm potensialı haqqında ətraflı məlumatlar qazanır, həm də qədim diyarımız olan Naxçıvanın tarixi ilə yaxından maraqlanırıq”.

Azad Azərbaycan Televiziyasının müxbiri Əli Novruzəliyevin dediklərindən: “Artıq Naxçıvana üçüncü dəfədir ki, səfər edirəm. Hər səfərimdə də şəhərin göz oxşayan gözəllikləri ilə bağlı zəngin təəssüratlar qazanıram. Budəfəki səfərimiz isə tamam başqa cür ab-havada oldu. Əvvəlcə onu bildirim ki, burda əldə etdiyim materialların hesabında Bakıya qayıtdıqda müxtəlif səpkilərdə, rəngarəng və mövzu dairəsi geniş olacaq reportajlar hazırlayacağam. Əlincə qalası haqqında yaranan müsbət fikirlərim və yaradıcılıq hisslərim isə fərqli olacaq. Zənnimcə, mənimlə birgə turda iştirak edən bütün jurnalist həmkarlarım öz yaradıcılıqlarında burada şahid olduqları gözəllikləri işıqlandırmağa çalışacaqlar”.

Muxtar respublikamızda iki gün müddətində təşkil ounan media-turun jurnalist həmkarlarımıza qazandırdığı zəngin təəssüratlar onların yaradıcılığında öz əksini taparaq, sosial şəbəkələrdə, qəzetlərdə və saytlarda geniş izləyici kütləsi qazanıb, Naxçıvanda mövcud olan geniş turizm imkanlarını ictimaiyyətə çatdırmağa nail olub.

“Yeni Müsavat” qəzetinin jurnalisti Xalidə Gəray “Dəyişən Naxçıvan, sirli abidələr, daima sərhəd keçmək məcburiyyətində olanlar” başlıqlı məqaləsində tur çərçivəsində yaşadığı hissləri qələmə alaraq yazır: “Əksər həmkarlarım, elə mənim üçün də bu ilk səfər idi. Bu səbəbdən yalnız televiziya ekranlarında, fotolarda gördüyümüz, o torpaqda böyüyüb, ərsəyə gələn insanların dilindən eşitdiyimiz, uzun illər blokada şəraitində qəhrəmancasına yaşayıb, inkişaf edən Naxçıvanı ziyarət etməyi səbirsizliklə gözləyirdik. Həm də ilk dəfə olaraq qədim yurda Ermənistanın üzərindən uçaraq yetişəcəyimizin həyəcanını yaşayırdıq. Beləliklə, 1 saat 10 dəqiqədən sonra media-tur iştirakçıları olaraq Naxçıvana yetişdik.

Bir neçə ilə təəccübləndirəcək dərəcədə sürətlə dəyişən şəhər, təmiz, səliqəli küçələr və  qanunlara riayət edən sakinlər...”

Naxçıvanın çoxəsrlik tarixinin canlı şahidi, məğrurluq və əyilməzliyin simvolu olan Əlincə qalası həmkarımız Rufik İsmayılovun reportajında əsas sujet xəttini təşkil edir. Müəllif  “Naxçıvanın əyilməzlik simvolu” adlı məqaləsində yazır: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər fiziki-coğrafi vilayətlərindən kəskin kontinental iqlimi ilə fərqlənir. Zəngəzur və Dərələyəz dağları ilə əhatə olunan, 3 ölkənin sərhəddində yerləşən bu yurdun təmiz havası, bol günəş radiasiyası şəfa mənbəyidir.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşəbbüsü ilə 21-22 oktyabr tarixlərində Naxçıvan şəhərinə təşkil edilən media-tur zamanı bu tarixi abidələrin bir qismini görmək, bölgənin turizm potensialı ilə yaxından tanış olmaq imkanımız oldu. Ən böyük təəssüratı isə Əlincə qalası yaratdı. İlk növbədə qeyd olunmalıdır ki, Naxçıvandakı abidələrin içərisində qalaların özünəməxsus yeri var. Muxtar respublika qala tipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun başlıca səbəbi Naxçıvanın əlverişli coğrafi mövqeyinin, zəngin təbii sərvətlərinin, şəhər mədəniyyətinin və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir. Mübariz xalqın daş yaddaşı sayılan Əlincəqala da yadellilərə qarşı uzun illər sinə gərən, onlara qarşı mübarizə aparan xalqın sığınacaq, müdafiə məkanı olub.”

Bloger Kübra Məhərrəmovanın “Çalışın, naxçıvanlı dostlarınız çox olsun” başlıqlı məqaləsi də diyarımızla bağlı qazanılan zəngin təəssüratların işığında qələmə alınaraq böyük maraqla qarşılanıb.

Bəli, əziz oxucularımız. Bəşər sivilizasiyasının mədəniyyət ocağı olan Naxçıvanımız, milli-mənəvi dəyərləri, çoxəsrlik tarixi, zəngin mətbəx nümunələri ilə qədimlik və müasirliyin çiyin-çiyinə addımladığı bir ünvan kimi daim ona üz tutan qonaqların diqqət mərkəzində olub. Elə mövzumuzda da sizə təqdim etdiyimiz müsahibələrdə, qələm sahiblərinin zəngin təəssüratlarının bir yerdə cəm olduğu yaradıcılıq nümunələrində bunun bir daha şahidi oluruq.

Məcid Rəşadətoğlu

Naxçıvan Dövlət Universitetinin

“Jurnalistika”ixtisasının tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: