Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş onlayn respublika konfransı keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn respublika-elmi konfransı keçirilib.

Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu deyən universitetin rektoru Elbrus İsayev bildirib ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır. Rektor diqqətə çatdırıb ki, “Nizami İli” çərçivəsində Nizami irsinin tələbələr arasında daha geniş təbliğ olunması, dahi mütəfəkkirin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələri gənc nəslə aşılamaq məqsədilə universitetdə silsilə tədbirlər – konfranslar, müzakirələr, müsabiqələr, dəyirmi masalar və s. keçirilir.

Naxçıvan Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova “Nizami Gəncəvinin söz dünyası”, Mingəçevir Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova “Nizami Gəncəvi yaradıcılığında tolerantlıq və çoxmədəniyyətlilik”, Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya üzrə elmlər doktoru Yusif Səfərov “Naxçıvan folklorunda Nizaminin “Xosrov və Şirin” poeması ilə səsləşən rəvayətlər” mövzusunda çıxışları dinlənilib.

Konfrans “Nizami Gəncəvi yaradıcılığında dil və ədəbiyyat məsələləri”,  “Nizami Gəncəvi yaradıcılığında elm, əxlaq və tərbiyə” adlı bölmə iclasları ilə davam edib. Qeyd edək ki, bölmə iclaslarında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADPU-nun Şamaxı və Şəki filialı, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu əməkdaşları elmi məqalələrlə çıxış ediblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: